“Cozef Bayden partiyasına Kamala Harrisin namizədliyini məsləhət gördü. Böyük ehtimalla demokratların namizədi məhz hazırkı vitse-prezident olacaq. Bu, siyasi və texniki baxımdan məntiqli görünür. Çünki Harrisdən imtina etmək ötən 4 illik müddətin uğursuzluğunun qəbulu və Baydenin siyasi mirasının rəddi mənasına gələr”.
“AzPolitika” xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli ABŞ Prezidenti Co Baydenin seçki kampaniyasını dayandırmasını şərh edərkən bildirib.
“Digər tərəfdən, Baydenin hazır seçki qərargahı və seçki fondu var, bunlar avtomatik Harrisin sərəncamına keçəcək. Tam yeni namizəd yeni qərargah yaratmalı və yeni ianə kampaniyasına başlamalı olacaq”, - o əlavə edib.
“Atası yamaykalı, anası hindistanlı olan Kamala Devi Harris 1964-cü il təvəllüdlüdür. Hüquq doktorudur. Kaliforniya baş prokuroru vəzifəsində çalışıb və oradan senator seçilib. ABŞ tarixinin ilk qadın vitse-prezidentidir”, - şərhçi Kamala Haris hqqında bioqrafik məlumatları bölüşüb.
Ş.Cəfərli qeyd edir ki, Harrisin namizədliyi qələbənin təminatı deyil. Amma ən azından fiziki və əqli qabiliyyətləri yerində olan siyasətçi kimi Baydendən daha şanslı olacaq və Trampla döyüşə girə biləcək.
“Xatırlatmaq yerinə düşər ki, Tramp bundan əvvəl demokratların xanım namizədini məğlub etmişdi və Hillari Klintonun ABŞ-nin ilk qadın prezidenti olmasını əngəlləmişdi. ABŞ-ni və dünyanı maraqlı, gərgin payız gözləyir”, - təhlilçi bildirib.
Rasim
“AzPolitika.info”


Şərhlər