ABŞ Rumıniya Hərbi Hava Qüvvələrinin 57-ci "Mixail Kogalniceanu" Hərbi Hava Qüvvələri bazasına iki “B-52 Stratofortress” qitələrarası strateji bombardmançı təyyarəsini yerləşdirib.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, onlar ABŞ Hərbi Hava Qüvvələrinin 20-ci Ekspedisiya Bombardmançı Eskadrilyasının tərkibində fəaliyyət göstərəcək və NATO qüvvələri ilə qarşılıqlı fəaliyyətə başlayacaqlar. Rumıniyaya uçmazdan əvvəl Amerikanın strateji bombardmançı təyyarələri Finlandiya və Rusiya sərhədi üzərində ilk təlim uçuşunu həyata keçiriblər.
Norveçin “The Barents Observer” qəzetinin məlumatına görə, şimaldan Laplandiyaya doğru hərəkət edən “B-52” təyyarəsi cənub-qərbdən Kola yarımadasına mümkün qədər yaxınlaşıb. Orada bombardmançılar dövrə vurub yenidən cənuba qayıdıblar.
Təyyarə pilotları demək olar ki, Rusiya raket sualtı qayıqlarının yerləşdiyi bütün yarımadanı, eləcə də “Tu-95MS” strateji bombardmançılarının müntəzəm olaraq Ukraynaya zərbə endirmək üçün havaya qalxdığı Olenya aerodromunu görə biliblər.
Rusiya Müdafiə Nazirliyi Barents dənizi üzərində Amerika bombardmançılarını gördüklərini və “MiQ-29”, “MiQ-31” qırıcılarını havaya qaldırdıqlarını bildirib. ABŞ-nin Avropadakı Hərbi Hava Qüvvələri Rusiya qırıcılarının strateji bombardmançı təyyarələrin qarşısını almağa çalışdığını təsdiqləyib, lakin ABŞ təyyarələri istiqamətini dəyişməyib və planlaşdırılmış uçuşunu insidentsiz davam etdirib.
Xəbərdə deyilir ki, Amerika bombardmançılarının yerləşəcəyi Rumıniya aviabazası 2040-cı ilə qədər NATO-nun Avropadakı ən böyük hərbi bazasına çevriləcək. Orada NATO əsgərlərinin ümumi sayının 10 minə çatacağı, hərbi kompleksin ərazisinin 2,8 min hektar olacağı gözlənilir. Rumıniya hökuməti layihəyə 2,5 milyard dollar sərmayə qoymağı planlaşdırır.
“AzPolitika.info”


Şərhlər