Menu

Ağadadaş Ağayevin vəkili açıqlama yaydı - Xalq artistinin son vəziyyətini paylaşdı + FOTO

25.07.2024, 20:42
Ağadadaş Ağayevin vəkili açıqlama yaydı - Xalq artistinin son vəziyyətini paylaşdı + FOTO

Məlum olduğu kimi, iyulun 22-də xalq artisti Ağadadaş Ağayev “Medera” klinikasının gözətçisi ilə insident yaşayıb, ona balta atıb, əvəzində isə gözətçi Nurəddin Cəlilov tərəfindən ağır şəkildə döyülüb. A. Ağayevlə bağlı qalmaqal ictimaiyyət arasında ciddi rezonans doğurub. 

"AzPolitika" xəbər verir ki, sözügedən hadisədən sonra xalq artistinin son görüntüləri yayılıb. Bu barədə xalq artistinin vəkili Asim Abbasov "Facebook" hesabından paylaşım edib. 

Vəkil həmin paylaşımında bunları qeyd edib: "Hüquqlarını müdafiə etdiyim Ağadadaş Ağayev video görüntülərdən göründüyü kimi, hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri almış və buna görə də ciddi həkim nəzarəti altında müalicəsini davam etdirir. Hazırda isə Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılmışdır. A. Ağayev həmin gün gecə saatlarında evinə olduqca yaxın olan “Medera” Hospitalında qulaq nahiyəsindən ağır əməliyyat keçirtmiş, həmin gecəni ağrıdan səhərə qədər yatmamış, səhər isə yenidən qulağında şiddətli ağrılar yaranmışdır. Ağrılar dözülməz olduğu üçün o, eyvana çıxaraq “Medera” Hospitalının mühafizəçisindən köməklik istəmiş, ondan həkim çağırmasını xahiş etmişdir. Mühafizəçinin laqeyd münasibəti, daha sonra isə təhqiramiz ifadələri və təhrikedici hərəkətləri nəticəsində tərəflər arasındakı münasibət gərginləşmişdir.

Bundan başqa daha əvvəl dəfələrlə məhkum olmuş qarşı tərəf N.Cəlilov 2013-cü il Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü əsasında AR CM-nin 144-cü maddəsi (adam oğurluğu) ilə təqsirli bilinərək 9 il müddətində azadlıqdan məhrum edilmişdir. O, həbsdən yeni çıxmışdır. Həmçinin N.Cəlilov daha əvvəl də Rusiya Federasiyasında “xuliqanlıq” maddəsi ilə məhkum edilmişdir. 

Ağadadaş Ağayevin özü artıq bir neçə ildir ki, ciddi onkoloji xəstədir, mütəmadi olaraq ağır dərmanlar qəbul edir, bu səbəbdən də həm fiziki, həm də psixoloji vəziyyəti daimi gərginlik altındadır".

"AzPolitika.info"

Şərhlər

ƏNHU 2024-07-25 20:48:48

Ölkədə səhiyyə normal olsaydı bu hadisələrin heç biri baş verməyəcəkdi. Axı niyə biz normal ölkə qura bilmirik görəsən? Bizim almandan, ingilisdən, hollanddan nəyimiz əskikdir? ...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol