Menu

MADURO ÖZÜNÜ QALİB ELAN ETDİ – Xalq və müxalifət etiraz edir, qonşu dövlətlər saxta nəticələri tanımır

29.07.2024, 11:00
MADURO ÖZÜNÜ QALİB ELAN ETDİ – Xalq və müxalifət etiraz edir, qonşu dövlətlər saxta nəticələri tanımır

Qeyri-demokratik idarəçiliyi, ölkəni səfalətə sürükləməsi və saxtakarlığı ilə tanınan Venesuela Prezidenti Nikolas Maduro ölkədə keçirilən seçkidə özünün növbəti qələbəsini elan etsə də, hələ ki, öz hökumətindən başqa heç kim bu nəticəni tanımaq istəmir.

“AzPolitika” xəbər verir ki, xüsusilə də Venesuela ilə qonşu olan və bu ölkədəki vəziyyəti daha yaxşı bilən qonşu ölkələr Maduronu saxtakarlıqda günahlandıraraq, onun hökumətinin nəzarətindəki seçki komissiyasının elan etdiyi nəticələri tanımayacaqlarını bəyan ediblər.

Belə ki, Argentina Prezidenti Xavyer Miley Venesuelada keçirilən prezident seçkilərində Nikolas Maduronun qələbəsini tanımaqdan imtina edib. Peru və Çilinin hakimiyyət orqanları da oxşar qərar qəbul ediblər.

Xatırladaq ki, protokolların 80%-nin nəticələrinə əsasən, Maduro 51,2% səs toplayıb. Xavyer Miley isə venesuelalı müxalifətçi Edmundo Qonzalesi qalib elan edib: “Məlumatlar müxalifətin sarsıdıcı qələbəsini göstərir və dünya onun (Nikolas Maduro hökumətinin) məğlubiyyətini etiraf etməsini gözləyir... Argentina daha bir yalanı etiraf etmək niyyətində deyil və silahlı qüvvələrin bu dəfə demokratiyanı və xalqın iradəsiniu müdafiə edəcəyinə ümid edir”.

Perunun Xarici İşlər naziri Xavyer Qonzales-Olaeçea Venesuelada keçirilən səsverməni “xalqın iradəsinə təcavüz” adlandırıb: "Mən Venesuela hökumətinin törətdiyi saxtakarlıq modelini qəti şəkildə pisləyirəm".

Çili Xarici İşlər naziri Alberto van Klaveren deyib ki, beynəlxalq müşahidəçilər öz nəticələrini səsləndirməyənə qədər Çili hökuməti Nikolas Maduronun qələbəsini tanımayacaq. Çili Prezidenti Qabriel Boriç də “protokolların yoxlanılmasında tam şəffaflığa” çağırıb: “Maduro rejimi başa düşməlidir ki, onun dərc etdiyi nəticələrə inanmaq çətindir... Biz yoxlanılması mümkün olmayan nəticələri qəbul etməyəcəyik”.

Qeyd edək ki, bundan öncə Braziliya Prezidenti Lula Da Silva Maduroya xəbərdarlıq etmişdi. Belə ki, seçki kampaniyası zamanı Nikolas Maduro “ağır üsullarla” qalib gəlmək niyyətində olduğunu bəyan edib və səsvermədən bir neçə gün əvvəl o, məğlub olacağı təqdirdə ölkənin təhlükə ilə üz-üzə qalacağını, hətta “qan gölünə dönəcəyini” demişdi. Bu açıqlama Braziliya Prezidenti Lula da Silvanın iradına səbəb olmuşdu. Lulanın sözlərinə görə, Maduro öyrənməlidir ki, “qazansan, hakimiyyətdə qalacaqsan, uduzsan, ayrılacaqsan”.

BBC isə xəbər verir ki, seçkiqabağı sorğular və “exit-poll”lar Qonzalesin Maduro üzərində böyük üstünlüyünü göstərib. Maduro nəticələr açıqlandıqdan sonra qələbəsinin “sülh və sabitliyin zəfəri” olduğunu bildirib. Müxalifət isə nəticələrin saxtalaşdırıldığını hesab edir.

Müxalifəti seçkidə namizəd olaraq təmsil edən Edmundo Qonzalez səsvermə bitdikdən sonra öz sosial şəbəkə hesabında yazıb: “Nəticələri gizlətmək olmaz. Ölkə sülh yolu ilə dəyişikliyi seçdi”. Bu arada müxalifətin əsas lideri, hakimiyyət tərəfindən namizədliyinin irəli sürülməsinə qadağa qoyulan və yerinə Qonzales irəli sürülən Maria Korina Maçado orduya müraciət dərc edib: “Mən hərbçilərə müraciət edirəm. Venesuela xalqı sözünü dedi: onlar Maduronu istəmirlər. Tarixin düzgün tərəfində dayanmağın vaxtıdır. Bunu etmək üçün indi şansınız var”.

“Reuters” qeyd edir ki, ordu həmişə Maduronu dəstəkləyib. Ancaq hadisələrin hazırkı gedişi nəyisə proqnozlaşdırmağı mümkünsüz edir. Hər halda, yaxın günlərdə Venesuelada hadisələrin olduqca gərgin məcrada davam edəcəyi və hətta Maduronun əl atdığı növbəti saxtakarlığın üsyana səbəb olacağı kifayət qədər real görünür.

C.Məmmədov

”AzPolitika.info”

Şərhlər

СМЕРШ 2024-07-29 18:12:23

Y ahora el pueblo que se alza en la lucha
Con voz de gigante gritando; adelante!
El pueblo unido jamás será vencido!
El pueblo unido jamás será vencido!

Mubariz 2024-07-29 12:57:09

Məzahir orada müşahidəçi qismində iştirak edib ,bizlərdə onun rəyini öyrəndikdən sonra nəsə deyə bilərik .Bu dəfə deyəsən Moduranın doğurdan sonu gələcək

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol