Məlum olduğu kimi, Rusiya həbsxanalarında Qərb ölkələrini təmsil edən və aralarında “Wall Street Journal”-ın jurnalisti Evan Gerşkoviçin də olduğu xeyli məhbus var. Eynilə də Qərb ölkələrinin həbsxanalarında Rusiya xüsusi xidmət orqanlarının agentləri, həmçinin sifarişli qətllər yerinə yetirən “killerlər” cəza çəkməkdədir.
“AzPolitika” xəbər verir ki, “Fox News” telekanalı, “Wall Street Journal” nəşri və digər Qərb mənbələri yaxın zamanda bir tərəfdən Rusiya və Belarus, digər tərəfdən isə bir sıra Qərb ölkələrinin iştirak etdiyi böyük məhbus mübadiləsinin hazırlandığı barədə məlumat yayıblar.
“Fox News” hətta “böyük mübadilə”nin bu gün baş verə biləcəyini və bu mübadilə çərçivəsində Gerşkoviçin tezliklə ABŞ-yə qayıda biləcəyini xəbər verib. Kanalın aparıcısı efirdə belə bir məlumatın “The Wall Street Journal”-dan gəldiyini bildirib və əlavə edib ki, “Fox News” jurnalistləri bununla bağlı daha çox məlumat əldə etməyə çalışırlar.
Qeyd edək ki, son günlər media bir sıra Qərb ölkələri ilə Rusiya, eləcə də Belarus arasında potensial böyük məhbus mübadiləsinə hazırlıq əlamətlərinin müşahidə edildiyini bildirib. Xüsusilə, ABŞ, Almaniya, Sloveniya və Böyük Britaniyanın belə bir potensial mübadilədə iştirak etməsi gözlənilir.
Xəbər verilir ki, Rusiyanın azad edəcəyi şəxslər arasında jurnalist Gerşkoviç, eləcə də keçmiş ABŞ dəniz piyadası Pol Uilanla yanaşı, tanınmış rusiyalı müxalifətçi, dissident Vladimir Kara-Murza da var. Onun səhhətinin çox ağır olduğu, ciddi xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Beləliklə də Rusiya öz vətəndaşını Qərbdə həbsxanada yatan digər bir vətəndaşı ilə mübadilə etmiş olacaq...
Bu arada Sloveniyada Rusiyadan olan iki casusun məhkəməsi başa çatıb və media onların dəyişdirilmək üçün aparıldığını yazıb.
Aleksandr Lukaşenko isə “Ukrayna xüsusi xidmət orqanlarına işlədiyi” iddiası ilə ölüm cəzasına məhkum edilmiş Almaniya vətəndaşı Riko Krigeri əfv etmək qərarına gəlib. Bu addımın da Krigerin məhbus mübadiləsi siyahısına salınması ilə bağlı olduğu bildirilir.
Rusiyanın TASS agentliyi isə rusiyalılar Aleksandr Vinnik, Vladislav Klyuşin, Vadim Konoşenko və Maksim Marçenko haqqında məlumatların ABŞ Federal Həbsxanalar Bürosunun məhbusların saxlanma yerini müəyyən etməyə imkan verən ictimai elektron məlumat bazasından silindiyini xəbər verib. Bu, o deməkdir ki, böyük ehtimalla həmin şəxslər Rusiyaya təhvil veriləcəklər.
Moskva həmçinin, bundan əvvəl açıq şəkildə bəyan etmişdi ki, Almaniyada keçmiş çeçen komandirinin qətlinə görə ömürlük həbsə məhkum edilmiş Vadim Krasikovun dəyişdirilməsinə nail olmaq istəyir. Bunun üçün hətta onun Rusiyanın müxalifət lideri Aleksey Navalnı ilə dəyişdiriləcəyi gözlənilirdi. Lakin Navalnının qəfil ölümü həmin vaxt bu mübadiləni mümkünsüz etmişdi. İndi isə bu “killerin” də adının mübadilə siyahısına salındığı iddia olunur.
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər