“Zəngəzur vasitəsilə kommunikasiyaların açılması böyük sülh müqaviləsinin predmeti deyil. Sülh müqaviləsi üçün tərəflər bütün kommunikasiyaların açılması zərurəti barədə razılığa gəlməlidir. Və bu kommunikasiyaların açılmasının özü və onların işləmə qaydaları ayrıca müqavilənin və ya bir neçə müqavilənin predmetidir”.
“AzPolitika” xəbər verir ki, bunu siyasi şərhçi Rauf Mirqədirov “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, Ermənistan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı məsələnin həlli daha vacib məsələdir: “Bu dəyişikliklər olmadan sülh müqaviləsini imzalamaq mümkün deyil. Dövlətlərin ərazi bütövlüyünün qarşılıqlı tanınması istənilən sülh müqaviləsinin əsas prinsipidir. Bu, hər şeyi deyir. Azərbaycanın ərazi bütövlüyünü tanıyan Paşinyan sülh müqaviləsini imzalasa belə, o zaman Konstitusiyanı kobud şəkildə pozmuş olacaq. Ümumiyyətlə, onun bu sənəddəki imzasının hüquqi qüvvəsi olmayacaq”.
Ekspertin sözlərinə görə, digər tərəfdən, Paşinyan indi Azərbaycanın ərazi bütövlüyünün tanınmasına maneə olan Konstitusiyanın bəzi müddəalarının dəyişdirilməsi ilə bağlı referendum keçirmək istəmir.
“Bu, Ermənistanda daxili siyasi qarşıdurmanın yenidən kəskinləşməsinə səbəb olacaq”, - o, əlavə edib.
Təhlilçi vurğulayıb ki, beləliklə, ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı Ermənistan-Azərbaycan danışıqları uzun illər çəkə bilər.
“AzPolitika.info”


Şərhlər