“Bu əməliyyat müharibənin trayektoriyasını dəyişəcək”
Avqustun 6-dan başlayan Kursk əməliyyatı barədə susmağa üstünlük verən Ukrayna hərbi-siyasi rəhbərliyi, nəhayət, bəzi məqamlara aydınlıq gətirib. Məlum olub ki, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinin 1000 kvadrat kilometrinə nəzarəti ələ keçirib.
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna ordusunun Baş komandanı Aleksandr Sırski bəyan edib.
Ukrayna Prezidenti yanında keçirilən iclasda Sırski Volodimir Zelenskiyə Ukrayna hərbçilərinin Kursk vilayətinin bir neçə rayonunda “vəziyyətə nəzarət etdiyini” bildirib. Lakin general konkret ərazilərin adını çəkməyib. Zelenski isə sərhəd bölgəsinin Rusiyanın zərbə və hücumlarından qorunmalı olduğunu deməklə kifayətlənib.
Adının çəkilməsini istəməyən Ukrayna hərbi rəsmisi jurnalistlərə bildirib ki, silahlı qüvvələr Rusiya ərazisinin dərinliklərinə doğru düz xətt üzrə 30 kilometrə qədər irəliləyib. Rəsmi mənbələr isə təfərrüatları açıqlamır.
“Ukraynanın Kursk kampaniyası Rusiya ilə müharibənin trayektoriyasını dəyişə biləcək əsas məqamdır”. Bu isə ABŞ Müharibə Araşdırmaları İnstitutunun (ISW) “Ukrayna və müasir müharibədə manevrin bərpası problemi” adlı təhlilində deyilir. Analitiklər qeyd edir ki, müharibə təbiətcə dəyişir və bu, dünyada bütün gələcək münaqişələrə təsir edəcək.
Hesabatda qeyd olunur ki, Ukrayna Kursk vilayətinə hücum edərkən Rusiyanın sərhədyanı bölgələrində hazırlığın olmamasından istifadə edərək “operativ gözlənilməzliyə” nail olub: “Bu kampaniya göstərdi ki, düşmənin hazırlıqları və qüvvələrin cəmləşməsini müşahidə edə bildiyi, lakin niyyətini etibarlı şəkildə ayırd edə bilmədiyi müasir şəraitdə sürprizlər hələ də mümkündür”.
ISW hesab edir ki, Ukrayna rus qoşunlarının arxada böyük istehkamlar tikmədən, demək olar ki, bütün cəbhə xətti boyunca aylarla hücum etməsi faktından faydalana bilər. Analitiklər bəyan ediblər ki, Ukrayna bir həlledici zərbə endirməkdənsə, bir sıra kiçik, ardıcıl əks-hücumları planlaşdırıb həyata keçirməklə, əməliyyat manevrini bərpa edə bilər.
Bundan əlavə, ISW qeyd edib ki, Ukraynadakı müharibə ABŞ və onun müttəfiqlərinin öyrənməli olduğu mühüm dərslər verir. Bu münaqişə şübhəsiz ki, gələcək müharibəni xarakterizə edəcək bir sıra texnoloji hadisələrin şahidi oldu. Xüsusilə, mütəxəssislər raket və PUA-ların kütləvi və müntəzəm hücumlarına qarşı hava hücumundan müdafiə işini, limanlarda və dənizdə, eləcədə əsas yerüstü hədəfləri məhv etmək üçün müxtəlif növ PUA-ların, o cümlədən dəniz qüvvələrinin kütləvi şəkildə cəlb edilməsini vurğulayırlar.
Analitiklər qeyd edirlər ki, Kursk vilayətində olduğu kimi, döyüş meydanındakı təcrübələr çox vacibdir: "Bu yanaşma (Kurskdakı hücum əməliyyatı-red.) müdafiədə ilişib qalmaq təhlükəsi ilə ziddiyyət təşkil edir və müasir müharibədə daimi uyğunlaşma ehtiyacını vurğulayır".
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər