Menu

Zahid Oruc Milli Qəhrəman İlqar Mirzəyevin ailəsi və yaşadığı binanın sakinləri ilə görüşdü - FOTOLAR

16.08.2024, 09:51
Zahid Oruc Milli Qəhrəman İlqar Mirzəyevin ailəsi və yaşadığı binanın sakinləri ilə görüşdü - FOTOLAR

1 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə 33 saylı Xətai 1-ci seçki dairəsindən namizəd Zahid Orucun seçki təbliğatı və təşviqatı davam edir. Növbəti görüş Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin ailəsinin ziyarəti, o cümlədən, şəhidimizin yaşadığı Abdulla Rəhimov 3 küçəsinin sakinləri ilə oldu.

Şəhidimizin həyat yoldaşı Güllü Mirzəyevə bildirib ki, İlqar qüsursuz idi. Onun yüksək insani keyfiyyətləri, hərbçi kimi peşəkarlığı bu gün də dillər əzbəridir. Heç kimi incitməzdi, irad tutmazdı. Deyirdi, insandır, bəlkə şərait imkan verməyib ki, özünü yaxşı cəhətdən sübut etsin. İndiyədək əsgərlərinin valideynləri, iş yoldaşları, bərbəri, maşınını təmir edən usta bizimlə əlaqə saxlayır, polkovniklə bağlı xatirələrini bölüşürlər.

Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə polkovnik İlqar Mirzəyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

Daha sonra bina sakinlərilə səmimi şəraitdə görüş keçirildi. Əvvəlcə namizədin vəkilləri tarixçi Əfqan Vəliyev, politoloq İlyas Hüseynov və politoloq, teleaparıcı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Tural İsmayılov Seçki Qərargahının hədəfləri və məqsədləri barədə seçiciləri məlumatlandırdı, insanların səsləndirdiyi problemlər qeydə alındı, hər birinin müraciətlərinin nəticəsini onlara bildirmək üçün sakinlərin əlaqə vasitələri qeyd edildi.

Zahid Oruc bildirdi ki, artıq bu müddət ərzində Xətai 33 saylı birinci seçki dairəsində yaşayan vətəndaşlarla daim yaxın təmasdadır. O, səsləndirilən problemlərin aidiyyatı qurumlara yönəldiləcəyini vurğuladı. Bundan əvvəl keçirilən görüşlərdə səslənən bir çox məsələnin artıq həll edildiyini vurğulayıb.

Namizəd Vətən müharibəsində parlaq qələbədən sonra Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə daha böyük nailiyyətlərin qazanılması üçün hər bir dövlət və hakimiyyət təmsilçisinin məsuliyyətlə çalışmasını, təkcə seçki kampaniyası dövründə deyil, hər zaman millətimizin tələb və müraciətlərinə həssaslıqla yanaşmalarını “Yeni Dövr”ün başlıca çağırışı adlandırdı. Zahid Orucun fəaliyyətini və Xətai ilə bağlı fikirlərini əks etdirən “Xüsusi Buraxılış” görüşə qatılanların hər birinə paylandı.

Görüşlər çərçivəsində Vətən müharibəsində son gülləsinə qədər döyüşən, uzun illər Cəmşid Naxçıvanski adına Hərbi Liseydə gələcəyin qəhrəman zabitlərini hazırlayan polkovnik-leytenant Qərib Baxşəliyevin ailəsinin ziyarəti, o cümlədən, şəhidimizin yaşadığı Sarayevo 14 binasının sakinləri ilə görüş də yaddaqalan oldu.

Zahid Oruc belə görüşləri daha yaxın və səmimi ünsiyyət imkanı adalandırdı, böyük zallardan fərqli olaraq, açıq şəkildə istənilən problemin qaldırılması fürsəti kimi dəyərləndirdi, xalqın təmsilçisi olmaq istəyən şəxslərin vətəndaşların ayağına gəlməsini vacib tələb adlandırdı.

O ötən illərdə ləyaqətlə təmsil etdiyi Bərdə bölgəsində görülən uğurlu işləri xatırladaraq, qarşıdakı dövrdə xətaililərin etimadını qazandıqdan sonra daha böyük enerji və ruhla qarşıya qoyulan vəzifələri yerinə yetirəcəyini bildirdi. Demək olar ki, hər gün Xətai sakinləri ilə görüşdüyünü bildirən Zahid Oruc artıq sakinlərin qaldırdıqları məsələlərin həlli üçün müraciətlər etdiyini və bir çox müsbət nəticələrin olduğunu, yaxın günlərdə bütün məlumatların ictimailəşəcəyini vurğuladı.

Vətən müharibəsində həyatını torpaqlarımız uğrunda verən Vüsal Rzayevin ailəsinə ziyarət zamanı növbədənkənar parlament seçkilərinin tarixi əhəmiyyətinə bir daha toxunuldu, o cümlədən, şəhidimizin yaşadığı Məhsəti küçəsi 3 a binasının sakinləri ilə səmimi ünsiyyət yarandı.

Çıxış edən qocaman alim, dəyərli elmi əsərlərin müəllifi İskəndər Yaqubov Zahid Orucu parlamentin aktiv üzvlərindən biri kimi hər zaman izlədiklərini, ona rəğbətlə yanaşdıqlarını və qarşıdakı seçkilərdə yaxın insanlarla birlikdə ona səs verəcəklərini söylədi. O, namizədin məhəllə görüşlərini “yaxşı nümunə” adlandıraraq, aid olduqları seçki dairəsində yaşayan əhalinin üstünlüyü kimi qeyd etdi.

Daha sonra çıxış edən natiqlər-Vaqif Baxışov, Xanlar İbrahimov, Nuqay Ağayev, Söhbət Vəliyev, Sadıq Məlikov, Nadelya Mahmudova və başqaları çıxış edərək yaşadıqları mənzillərin uzun illər rəsmi mülkiyyət sənədlərini ala bilməmələrindən, eyni zamanda sovet dövründə inşa edilən yaşayış massivlərində bir sıra kommunal və infrastruktur problemlərindən danışdılar, məsələlərin həllində Zahid Orucun onlara kömək göstərməsini xahiş etdilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol