ABŞ Prezidenti Co Bayden cümə axşamı Ağ Evdə rusiyalı müxalif siyasətçi Vladimir Kara-Murza və ailəsini qəbul edib.
“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir.
Keçmiş siyasi məhbus Vladimir Kara-Murza avqustun 1-də Qərb ölkələri ilə Rusiya və Belarus arasında genişmiqyaslı məhbus mübadiləsi çərçivəsində azad edilib. Müxalifətçi siyasətçi bir müddət əvvəl “Vaşinqton Post”a müsahibəsində belə bir fikir söyləmişdi ki, Putin rejiminin süqutundan sonra Rusiya xalqının öz səhvlərini düzəltmək üçün çox işi var. Onun sözlərinə görə, ən vacib vəzifə baş verən hadisələrlə bağlı Rusiya cəmiyyətini sağaltmaq və maarifləndirmək, eləcə də baş verənlərə görə ictimai məsuliyyətin zəruriliyi olacaq.
Kara-Murzanın həbsdə olarkən “Washington Post” qəzetinə yazdığı Rusiyanın demokratik gələcəyi ilə bağlı məqalələrinə görə siyasətçi bu ilin mayında Pulitser mükafatı alıb.
Rusiyada Kara-Murza dövlətə xəyanətdə, arzuolunmaz təşkilatla əməkdaşlıqda və rus ordusu haqqında yalan məlumat yaymaqda ittiham edilərək 25 il həbs cəzasına məhkum edilmişdi.
Kara-Murzanın Rusiya və Britaniya vətəndaşlığından əlavə, Amerika yaşıl kartı da var.
“AzPolitika.info”


Şərhlər