Rəsmi İrəvan hələ də Moskvanın Ermənistan hökumətinin nəqliyyat infrastrukturun blokunun açılması məsələsində əldə edilmiş razılaşmaları sabotaj etməsi ilə bağlı ittihamına cavab vermir.
Dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda belə bir bəyanat verib.
Nazir məsələnin 2020-2022-ci illər üçün üçtərəfli bəyannamələrin hərf və ruhuna uyğun həll edilməli olduğunu vurğulayıb.
“Təəssüf ki, Ermənistanın Sünik (Zəngəzur) bölgəsindən keçən kommunikasiyalara gəlincə, Baş nazir Nikol Paşinyanın imzaladığı sazişi sabotaj edən məhz Ermənistan rəhbərliyidir. Belə bir mövqenin mənasını anlamaq çətindir”, - Lavrov Rusiyanın “Rossiya 1” telekanalına müsahibəsində deyib.
Regional nəqliyyat kanalların açılması ilə bağlı Moskva 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyannaməyə və nəticədə Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 2021-ci ilin yanvar və noyabr aylarında əldə etdiyi razılaşmalara, 2022-ci ilin oktyabrında isə daha bir razılaşmaya istinad etməkdə davam edir.
Həmin dövrdə yolların açılması məsələsi ilə bağlı işçi qrupu yaradılıb və üç ölkənin baş nazirinin müavinləri razılığa gəlmək üçün danışıqlar apardılar. Ötən ilin 19 sentyabrında Azərbaycan Qarabağ üzərində öz suverenliyini təmin etdikdən sonra vəziyyət dəyişdi. Azərbaycan Prezidenti İlham Əliyev də Bakıda Rusiyalı həmkarı Vladimir Putinlə birgə bəyanatında regionda vəziyyətin köklü şəkildə dəyişdiyini bildirib.
Təxminən bir il əvvəl Ermənistan hökuməti “Sülh yollarının kəsişməsi” adlandırılan layihə təqdim edib.
Ermənistanda Regional Demokratiya və Təhlükəsizlik Mərkəzinin prezidenti, politoloq Tiqran Qriqoryan yerli mətbuata açıqlamasında Lavrovun istinad etdiyi müqavilələrin köhnəldiyini vurğulayır: “Rusiyanın Ermənistanın bu məsələ ilə bağlı bəzi öhdəliklər götürdüyü və onları yerinə yetirəcəyi ilə bağlı açıqlamaları, şübhəsiz ki, artıq aktual deyil. Belə bəyanatın verilməsinə səbəb təbii ki, ikitərəfli münasibətlərdəki böhrandır”.
Noyabrın 9-da qəbul edilən üçtərəfli bəyannamədən sonra Ermənistan Azərbaycanla Naxçıvan arasında nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətini təmin etməli, Rusiya tərəfi isə onlara nəzarət etməli idi. Ermənistan üzərinə götürdüyü bu öhdəliyin icrasından imtina edir.
“AzPolitika.info”


Şərhlər