Menu

Almaniya və Polşa arasında qalmaqal - “Şimal axını”-nı partladan diversantın ekstradisiya tələbi rədd edilib

21.08.2024, 16:55
Almaniya və Polşa arasında qalmaqal - “Şimal axını”-nı partladan diversantın ekstradisiya tələbi rədd edilib

Polşa “Şimal axını” qaz kəmərlərinin partladılmasında şübhəli bilinən ukraynalı dalğıcı Almaniyaya ekstradisiya edə bilməyəcəyini bəyan etdikdən sonra Berlin bu məsələni ən yüksək səviyyədə həll etməyə çalışıb.

“The Wall Street Journal” qəzeti yazır ki, Varşava bu müstəvidə də Berlinin müraciətini rədd edib. Polşanın baş naziri Donald Tusk bugünlərdə X platformasında yazıb ki, “bugün “Şimal axını” kəmərlərinin təşəbbüskar və himayədarlarının edə biləcəyi yeganə şey üzr istəmək və susmaqdır”.

Almaniya qaz kəmərlərinin partladılmasında şübhəli sayılan ukraynalı dalğıc Vladimir Juravlyovun həbs orderini Polşaya iyun ayında göndərib. Lakin Polşa ekstradisiyadan imtina edərək bildirib ki, bu məsələyə əvvəlcə Daxili Təhlükəsizlik Nazirliyi baxmalıdır.

İyul ayında kansler Olaf Şoltsun başçılığı ilə Almaniya nümayəndə heyəti həbs orderinin icra olunması məsələsini Polşa hökuməti ilə müzakirə etmək üçün Varşavaya gəlib.

Qəzetin iddia etdiyinə görə yüksək vəzifəli Polşa məmuru almaniyalı həmkarına deyib ki, qaz kəmərinin partladılmasında bütün potensial şübhəliləri həbs etmək yox, onlara medallar vermək lazımdır.

WSJ istintaqla tanış mənbəyə istinadla yazır ki, “Şimal axını” kəmərlərinin partladılmasında şübhəli bilinən ukraynalı dalğıc Vladimir Juravlyov Polşanı avtomobillə tərk edərək Ukraynaya yollanıb.Bu iş üzrə qalan şübhəlilər də Ukraynadadırlar. Kiyev onları təslim etməkdən imtina edir.

“The Wall Street Journal” ötən həftə yazmışdı ki, “Şimal axını” kəmərlərinə qarşı diversiyanı özəl biznesmenlər maliyyələşdiriblər. Əməliyyata yüksək vəzifəli general rəhbərlik edib. Həmin general keçmiş baş komandan Valeri Zalujnının tabeçiliyində olub.

Qəzet iddia edirdi ki, Ukrayna Prezidenti Volodimir Zelenski əvvəlcə bu əməliyyata razılıq verib. Amma ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ondan bu əməliyyatdan imtina olunmasını xahiş edib.

“AzPolitika.info”

Şərhlər

Oxucu. 2024-08-21 23:03:42

Gülün bir məqalədir,MKİ-nin icazəsi olmadan nə isə etmək??? və yaxud belə bir kəməri hansısa teralistin partladılması???

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol