Prezident Aleksandr Lukaşenkonun son bəyanatlarından sonra Belarusun Qazaxıstandakı səfiri Pavel Utyupin bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
“Qazaxıstan BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental normalarına uyğun olaraq balanslaşdırılmış və sülhpərvər xarici siyasət aparır. Əminik ki, dövlətlər arasında bütün fikir ayrılıqları siyasi və diplomatik yolla həll edilməlidir”, - deyə Qazaxıstanın xarici siyasət idarəsinin rəhbəri Murat Nurtleu vurğulayıb.
O, bildirib ki, Qazaxıstan hakimiyyətinin xarici siyasət kursu indiki geosiyasi şəraitdə öz effektivliyini sübut edib.
Lukaşenko Rusiyanın “Rossiya” dövlət telekanalına verdiyi müsahibədə bir sıra postsovet respublikalarının xarici siyasətini tənqid edib. Bu sırada Qazaxıstanı xüsusilə vurğulayıb.
“Biz bəzi postsovet dövlətlərimiz kimi yüngülləşmirik. Rusiyadan nəsə almaq istəyirlər, əvəzində heç nə vermirlər. Belə olmur. Gəlin bir yerdə olaq, eyni Rusiyaya gəlib dəstək, yardım istəyəcəyiniz vaxt uzaqda deyil, kimə üz tutacaqsınız... Qazaxıstanda nəsə oldu, kimə üz tutdunuz: Çinə, Hindistana, Pakistana? Xeyr, Moskva və Belarusa. Yarım gün ərzində bizim təyyarələrimiz - KTMT sülhməramlıları artıq orada idilər”, - Lukaşenko bildirib.
Lukaşenkonun açıqlamaları fonunda ötən gün İrəvanda etiraz aksiyası keçirilib. “Respublika uğrunda” partiyanın nümayəndələri Belarus səfirliyinin binasına yumurta, pomidor və kartof atıblar.
Lukaşenko Ermənistan hakimiyyətinin siyasətini də tənqid edib və bildirib: "Ermənilər bizdən başqa kimə lazımdır?" Onlar heç kimə lazım deyil. İqtisadiyyatlarını inkişaf etdirsinlər və sahib olduqlarına diqqət etsinlər. Nə Fransa, nə Makron? Sabah Makron orada olmayacaq və hamı Ermənistanı unudacaq”.
Minsk Belarus səfirliyi qarşısında təşkil edilən etiraz aksiyasına cavab olaraq Ermənistanın müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə dəvət edib.
“AzPolitika.info”


Şərhlər