“Fransanın hava limanında həbs olunan “Telegram” sosial şəbəkəsinin yaradıcısı Pavel Durovun məsələsi xeyli qarışıqdır”.
“AzPolitika” xəbər verir ki, bu bardə politoloq Elxan Şahinoğlu “Facebook” səhəifəsində yazıb. Ekspert bir neçə vacib məqama diqqət çəkir: “Birincisi, Rusiyanın siyasi və hərbi dairələri Durovun həbsindən bu qədər narahat olublarsa, vaxtında onun ölkə ərazisini tərk edərək Kremlin düşməninə çevrilən Fransa vətəndaşlığı almasına niyə seyrçi qalıblar? Bu ona bənzəyərdi ki, “Facebook”-un yaradıcısı ABŞ-a etiraz olaraq Rusiyaya köçərdi. Durov Rusiyada biznes fəaliyyətinin imkansız olduğunu əsas gətirərək 3 il əvvəl ölkə vətəndaşlığından imtina edib”.
Politoloq xatırladır ki, Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyanın dövlət strukturlarındakı şəxslər yazışmalarının əksəriyyətini “Telegram” üzərindən həyata keçirirlər.
“Ona görə də həmin strukturlar indi qorxurlar ki, Durov sosial şəbəkənin kodlarını Fransanın kəşfiyyat struktularına təhvil verə bilər. Bu isə öz növbəsində Rusiyanın siyasi və hərbi strukturlarının nümayəndələrinin “Telegram” üzərindən yazışmalarının faş olmasına şərait yaradacaq”, - o, əlavə edib.
E.Şahinoğlu digər müəammalı məqam kimi Durovun Fransada həbs ehtimalının olduğu halda şəxsi təyyarəsi ilə Bakıdan Parisə uçmağa qərar verməsini göstərir: “Fransanın müvafiq strukturları Durovun Bakı səfərinin təfərrüatlarını da ondan öyrənməyə çalışacaqlar. Rusiyanın mühacirətdə olan müxalifət nümayəndələri və yazarları ikiyə bölünüblər. Bir qisim Durovun həbsinin siyasi motivli olduğuna iddia edərək onun azadlığını tələb edir, digərləri isə “Telegram” yaradıcısının Rusiyanı tərk etməsinə baxmayaraq, onun şəbəkəsinin işğalçı qüvvələrin dəstəkçisi rolunda çıxış etdiyini vurğulayırlar”.
“AzPolitika.info”


Şərhlər