“Teleqram”-ın qurucusu Pavel Durovun həbsi Rusiya Federasiyasında az qala şok effekti yaradıb.
“AzPolitika” xəbər verir ki, Durovun həbsini şərh edən tanınmış ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenkonun fikrincə, bu həbsin Rusiyada ajiotajla qarşılanması Rusiya elitasının xeyli dərəcədə “teleqram”-dan asılı olması ilə bağlıdır.
Kovalenko qeyd edib ki, “teleqram”dan Rusiya generalitetindən tutmuş kriminal avtoritetlərə qədər bir çox çevrələr istifadə edir. Çünki onlar bu şəbəkənin izlənməsinin mümkün olmadığını düşünürlər.
Həmçinin, onun qeyd etdiyi kimi, Rusiya bu şəbəkədən Ukraynada apardığı işğalçılıq müharibəsində də gen-bol yararlanır. Kremlin panikası da məhz bununla bağlıdır: “Düşünürəm ki, ruslar yazışma zamanı “WhatsApp” və “Signal”dan daha çox “teleqram”-dan istifadə edirlər. Bu da ondan irəli gəlir ki, həmin şəbəkədəki yazışmaların Rusiya təhlükəsizlik xidmətlərinin nümayəndəsi deyil, başqası tərəfindən izlənməyəcəyinə əmindirlər. Hansı ki, burada da suallar var...”.
Onun dediyinə görə, “teleqram”-dan istifadə etməklə işğalçılar və onların əlaltıları müəyyən yazışma növlərinin təhlükəsizliyinə arxayın olublar: “Amma ümumən bu nəzarəti bəzi başqa strukturlar, başqa ölkələrin güc strukturları həyata keçirirsə, təbii ki, bu, ruslar üçün ciddi problem ola bilər, çünki onların generalları, kriminal strukturları, digər nümayəndələri - hamısı kütləvi şəkildə “teleqram”-dan asılı idilər. Ona görə də bu, (Durovun saxlanması-red.) onlarda böyük panika yaradıb”.
“AzPolitika.info”


Şərhlər