Menu

Rusiya şəhər mərkəzindəki oteli vurdu – Kütləvi dron və raket zərbələri davam edir

27.08.2024, 11:57
Rusiya şəhər mərkəzindəki oteli vurdu – Kütləvi dron və raket zərbələri davam edir

Rusiya ordusu yenidən pilotsuz təyyarələr və raketlərdən istifadə etməklə Ukrayna ərazisinə kütləvi hücuma keçib.

“AzPolitika” xəbər verir ki, Krivoy Roq vilayətinin administrasiyasının rəhbəri Yevgeni Sıtniçenko raketin otel binasına düşməsi nəticəsində iki nəfərin həlak olduğunu, 5 nəfərin yaralandığını açıqlayıb. Axtarış-xilasetmə işləri davam edir və daha iki nəfərin hələ də dağıntılar altında qaldığı ehtimal olunur. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, altı mağaza, dörd yaşayış binası və səkkiz avtomobilə ziyan dəyib.

Gecə yarısına az qalmış Rusiya ballistik raketi ilə vurulan “Aurora” oteli Krivoy Roq şəhərinin mərkəzində yerləşir. Yanında ticarət mərkəzi, mağazalar, restoran, digər hissədə bələdiyyə sovetinin və meriyanın binası yerləşir.

Zaporojye vilayət administrasiyasının rəhbəri İvan Fedorov isə bildirib ki, gecə hücumları nəticəsində 3 sakin ölüb, daha 5 nəfər yaralanıb.

"İlkin məlumatlara görə, ruslar Zaporojye şəhərinə və vilayət ərazisinə pilotsuz uçuş aparatları ilə yeddi zərbə endiriblər. Partlayış dalğası və qəlpələrdən evlərə ciddi ziyan dəyib. Bundan əlavə, rus qoşunları ərazini kütləvi atəşə məruz qoyub. Evlərin və infrastrukturun dağıdılması ilə bağlı 38 məlumat var”, - vilayət administrasiyasının rəhbəri yazır.

“Gün ərzində rus qoşunları Zaporojye vilayətinin 14 yaşayış məntəqəsinə 208 zərbə endirib”, - Fyodorov əlavə edib.

Ölkənin Daxili İşlər Nazirliyi bildirib ki, Rusiyanın avqustun 26-da Ukraynaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 7-yə çatıb, 47 nəfər yaralanıb.

ABŞ Prezidenti Co Bayden Rusiyanın Ukraynanın enerji infrastrukturuna növbəti hücumunu sərt şəkildə tənqid edib. "Ukrayna hakimiyyəti bildirir ki, bu iyrənc hərəkət Ukrayna vətəndaşlarının ölümü ilə nəticələnib və iyirmidən çox kritik enerji obyektini hədəf alıb. Mən Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsini və Ukrayna xalqını qaranlığa qərq etmək cəhdlərini ən sərt şəkildə qınayıram. Mən istəyirəm, əmin olun: Rusiya Ukraynada heç vaxt uğur qazana bilməyəcək və Ukrayna xalqının ruhu heç vaxt qırılmayacaq”, - Bayden bazar ertəsi Ağ Evin bəyanatında bildirib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib ki, Vaşinqton Kiyevə hava hücumundan müdafiə və enerji sistemini gücləndirməyə kömək etməyə davam edəcək.

“AzPolitika.info”

Şərhlər

dadaşyev 2024-08-27 15:25:30

Bu donqili deyir ki "Mən Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsini və Ukrayna xalqını qaranlığa qərq etmək cəhdlərini ən sərt şəkildə qınayıram".Sən İsrailin Qəzzaya qarşı davam edən müharibəsini və Fələstin xalqını qaranlığa qərq etmək cəhdlərini ən yumşaq şəkildə olsa da qınadınmı ki,səmimiyyətinə inansın bəşəriyyət?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol