Menu

“Rusiya Ukraynada və ya başqa bir yerdə nüvə silahından istifadə etməyəcək” – “Putin nüvə təhdidi ilə Qərbdə panika yaratmaq istəyir”

26.09.2024, 12:24
“Rusiya Ukraynada və ya başqa bir yerdə nüvə silahından istifadə etməyəcək” – “Putin nüvə təhdidi ilə Qərbdə panika yaratmaq istəyir”

Məlum olduğu kimi, son günlər Vladimir Putin nüvə silahından istifadə ilə bağlı hədələrini xeyli artırıb. O, ötən gün nüvə doktrinasına dəyişikliklərlə bağlı Rusiya Təhlükəsizlik Şurasının daimi üzvlərinin müşavirəsini keçirib. Müşavirədə Putin Rusiyanın nüvə dövlətinin iştirakı və ya dəstəyi ilə qeyri-nüvə dövlətinin təcavüzü halında nüvə silahından istifadə edəcəyini açıqlayıb.

Lakin amerikalı analitiklər hesab edirlər ki, Putinin bu bəyanatları Qərb ölkələrini növbəti dəfə qorxutmaq cəhdidir.

“AzPolitika” xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun (ISW) mütəxəssislərinin fikrincə, Rusiyanın Ukraynada və ya dünyanın hər hansı bir yerində nüvə silahından istifadə etmək ehtimalı azdır. Onun nüvə təhdidləri isə Qərbin Ukraynaya dəstəklə bağlı qərarlarının qəbuluna nəzarət etməyə və uzaq mənzilli silahlarla öz ərazisinin vurulmasına dair icazənin qarşısını almağa hesablanıb.

Amerikalı təhlilçilər deyirlər ki, Putin Kremlin hamını bezdirmiş “nüvə qılıncı” informasiya əməliyyatına yeni nəfəs vermək və siyasi debatların xüsusilə kritik məqamında Qərb siyasətçiləri arasında yeni panika dalğası yaratmaq niyyəti güdür.

ISW xatırladıb ki, Kreml rəsmiləri Qərbdə Ukraynaya yardımın artırılması ilə bağlı siyasi debatların həlledici məqamları zamanı müntəzəm olaraq nüvə hədələrinə əl atırlar. Bu taktika indi də Rusiyaya Qərb silahları ilə zərbələr endirilməsi müzakirə olunanda istifadə olunur. Məqsəd qərar qəbul edənlərə qorxu aşılamaqdır: “ISW hesab edir ki, Rusiyanın “nüvə qılıncını oynatması” Kremlin Qərbi cilovlamağa dair səylərinin bir hissəsidir və Rusiyanın Ukraynada və ya başqa bir yerdə nüvə silahından istifadə etməyə hazır olmasının sübutu deyil”.

Yada salaq ki, sentyabrın 25-də Putin deyib ki, Rusiya nüvə doktrinasına düzəliş edib və indi o, məsələn, PUA-larla qeyri-nüvə dövlətinə nüvə zərbəsi endirə bilər.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası bəyan edib ki, Putinin nüvə şantajı onun strateji anbarlarını məhv edən Ukrayna silahlarından qorxusunun təzahürüdür. “Financial Times” isə yazıb ki, Rusiya öz nüvə təhdidləri ilə təkcə Çini deyil, Qlobal Cənubun nüvə silahı olmayan ölkələrini də qıcıqlandırır.

C.Məmmədov

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol