Menu

SİLAHI ELM OLAN ALİM: AZAD MİRZƏCANZADƏ -96

29.09.2024, 19:32
SİLAHI ELM OLAN ALİM: AZAD MİRZƏCANZADƏ -96

"Akademik Azad Mirzəcanzadənin (29 sentyabr 1928, 17 iyul 2006) doğum günüdür. Azad müəllim öz ixtisası üzrə böyük alim olmaqla yanaşı, həm də Azərbaycanda elmin populyarlaşdırılmasının əsasını qoyub. Ali Attestasiya Komissiyasına rəhbərlik etdiyi dövrdə elmə təsadüfən gəlmiş adamlara qarşı çıxdı. Təkbaşına müqavimət göstərdi. Ona qarşı cəbhə yaratdılar, lakin ona bata bilmədilər. Silahı elm idi...". 

“AzPolitika” xəbər verir ki, bu fikirləri sabiq millət vəkili, təhsil eksperti, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev öz “Facebook” səhifəsindən paylaşdığı  yazıda bildirib.

Etibar Əliyev yazıda daha sonra qeyd edir: "Ondan sonra Ali Attestasiya Komissiyası nüfuzunu itirdi. Alim olanların sayı həndəsi silsilə ilə artdı. Mən onun suallarına cavab verdikdən sonra alimlik diplomu almışam. Azad müəllim imkanı daxilində xeyli alim yetişdirdi. Onunla diskussiya aparmaq hər adamın işi deyildi. Onun qədər kitaba sevgisi olan ikinci şəxsin adını çəkmək çətindir. Bütün elm sahələrini sevirdi. 

Böyük fizik Verner Heyzenberqin bir fikri yadıma düşdü: "Öz sahəsini mükəmməl bilən hər bir şəxs həm də yaxşı filosofdur".

Azad müəllimin kitablarını oxuyanda onun idrakına, düşüncə tərzinə, məntiqinə heyran olursan. Ali məktəblərdə onun kitabları barədə tələbələrə məlumatlar verilməlidir. Gənclər böyük alimimizi tanımalıdırlar. Azad müəllim şəxsi kitabxana nümunəsi yaratmışdı. 

Dahi Borxesin “Kitabxana sonsuz olmalıdır” fikri sanki Azad müəllimin kitabxanası üçün deyilmişdi. Ondan oxumağı öyrənə bilmədik. Əsərlərində onun mütaliə dairəsinin sərhədləri görsənir. Azad müəllim Azərbaycanda sinergetik düşüncəyə malik olan nadir alimlərimizdən biridir. Bu səbəbdən sevdiyi böyük alimlərdən biri sinergetikanın banilərindən sayılan Kimya üzrə Nobel mükafatı laureatı İlya Priqojin idi. Dərin poeziyanı ixtisası qədər sevirdi.

Kibernetikanın banisi dahi Norbert Vinerdən soruşurlar ki, əsl professor kimdir? 

Cavabı belə olur: "Əsl professor 45 dəqiqə bütün elmlərdən maraqlı danışandır”.

Azad müəllim saatlarla maraqlı danışardı. İzah etmək isə onun əsas peşəsi idi.

Allah Rəhmət eləsin!"

Şərhlər

miri 2024-09-30 07:18:24

Allah rəhmət etsin. BÖYÜK İNSAN kimi bir ömür yaşadı.

Eldeniz 2024-09-30 06:44:57

ADNSU - nun binasinda Azad muellimin adina olan kafedrada divarin on hissesinde onun yetisdirdiyi alimlerin fotosu vurulub.Orada dunyanin en meshur Univeraitetlerinin professorlari olmaqla yanasi hem de meshur neft sirketlerinin rehber sexsleri de var .Boyuk insan oz butun heyatini elme hesr edib.Allah rehmet elesin.

Rövşən 2024-09-30 01:05:45

Allah rəhmət eləsin, namizədlik diplomunu mənə şəxsən özü təqdim edib.

S.Əhmədov. 2024-09-29 21:23:27

Allah rəhmət eləsin.Böyük alim və insan idi.

MRP 2024-09-29 21:10:25

Azad müəllimlə bir masada oturub onun maraqlı söhbətlərini dinləmək kimi xoşbəxtlik mənə də nəsib olub.Dahi şəxsiyyət idi.Allah rəhmət eləsin.

Mahir 2024-09-29 20:44:54

Həqiqətən bu böyük Alim elmdə saxtakarlığın qarşısında dayanan sonuncu mogikan idi. Ondan sonra elm sahəsi elmdən başqa hər şeyə xidmət etdi. İndi hamı kartofun, xiyarın qiymətini bildiyi kimi elmlər namizədi, elmlər doktoru, professor adı almanın qiymətini də yaxşı bilir. Elmimiz dəfn olunub...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol