Rusiyanın Arxangelsk şəhərində xeyriyyəçi kimi tanınan əslən azərbaycanlı iş adamı Tərlan Qasımov Rusiya vətəndaşlığından məhrum edilir.
“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya mətbuatında xəbər yayılıb.
“Arxangelsk onlayn” nəşrinin yazdığına görə, iş adamı “milli təhlükəsizliyə təhdid” səbəbindən deportasiya oluna bilər.
Eyni zamanda, Arxangelskdəki Azərbaycan diasporunun rəhbəri olan Tərlan Qasımov uzun illər Rusiya hakimiyyətilə əməkdaşlıq edib və xeyriyyə işləri ilə məşğul olub. Lakin bu ilin yazında o, Rusiya vətəndaşlığından məhrum edilib və indi deportasiya oluna bilər.
Onun “milli təhlükəsizliyə təhdid” yaratdığına dair qərarı Rusiya “FSB”-si verib. “Haqqın.az” saytının milyarder kimi təqdim etdiyi Qasımov Azərbaycan vətəndaşı deyil. Sovet İttifaqının dağılması zamanı o, RSFSR-də qeydiyyatda olub və həmişə rus pasportu daşıyıb. İndi isə yeganə vətəndaşlığından məhrum edilib. Baxmayaraq ki, iş adamı səlahiyyətli orqanlar, o cümlədən vilayət qubernatoru tərəfindən mütəmadi olaraq müxtəlif fəxri fərmanlarla təltif edilib.
İndi Qasımov Rusiya dövlət orqanlarını məhkəməyə verir, vətəndaşlıqdan məhrum edilməsinə etiraz etməyə çalışır. O, artıq Rusiya Daxili İşlər Nazirliyinə qarşı məhkəməni uduzub. Hakim bu qurumun öz vəzifələrini yerinə yetirərək qanuna uyğun hərəkət etdiyi qənaətinə gəlib. Ardınca, Qasımov “FSB”-ni məhkəməyə verib.
Maraqlıdır ki, Qasımovun Rusiyanın milli təhlükəsizliyinə hansı təhdidlər yaratdığı açıqlanmır. Onun özünə də bu barədə heç nə demirlər, “FSB” isə heç bir açıqalma vermir və bunun “dövlət sirri” olduğunu bəhanə gətirirlər…
“AzPolitika.info”


Şərhlər