Neft 43% ucuzlaşsada, Premium benzin ucuzlaşmır
Neft bahalaşanda benzin bahalaşır, ucuzlaşanda isə qiyməti aşağı düşmür
İyun ayından indiyədək dünya bazarlarında neftin qiyməti 43% aşağı düşsə də Azərbaycanda Premium benzinin (Avro 95) satış qiymətində endirim müşahidə olunmur.
Bu növ yanacaq Azərbaycanda sərbəst qiymətlərlə satılır. “Premium Euro-95” benzinini ölkəyə “Azpetrol” və “SOCAR Petroleum” şirkətləri tərəfindən xaricdən idxal olunur.
Xatırladırıq ki, avqust ayında dünya bazarlarında neftin qiyməti müvəqqəti olaraq cüzi artdıqda Azərbaycanda şirkətlər 93 qəpiyə satılan Premium benzinin qiymətini 4 qəpik artıraraq 97 qəpiyə qaldırmışdılar. Oktyabr ayının əvvəlində isə dünya bazarında neftın qiymətinin aşağı düşməsi ilə əlaqədar olaraq Premium benzinin satış qiymətinə yenidən baxılmışdı. Belə ki, həmin markalı benzinin əvvəllər 1 litri 97 qəpiyə satılırdısa, artıq oktyabrın 1-dən Premium benzinin qiyməti 2 qəpik aşağı salınaraq 95 qəpiyə satılır. Həmin vaxtdan bugünədək dünya bazarlarında neftin qiyməti kəskin azalsa da Azərbaycanda Premium benzinin qiyməti aşağı salınmır. Məsələn, qonşu Türkiyədə qiymətlər son 2 ayda 5-6 dəfə endirilib.
Qeyd edək ki, bu ilin iyun ayından indiyədək neft 43% ucuzlaşaraq təxminən 115 dollardan 65-66 dollara düşüb.
“BİZ QİYMƏTƏ QARIŞMIRIQ”
“SOCAR-Petroleum” QSC birgə müəssisəsi “SOCAR” markalı yanacaqdoldurma məntəqələrinin sahibidir. Birgə müəssisənin 51%-i ARDNŞ-nə, 49%-i ABŞ-ın “A.P. İnternational LLC.” şirkətinə məxsusdur. “SOCAR -Petroleum”un dünya bazarlarında yanacağın qiymətinin ucuzlaşmasından sonra yanacağın qiymətinə yenidən baxıb-baxmayacağını öyrənmək üçün ARDNŞ-nin Mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev ilə əlaqə saxladıq. O, bildirdi ki, ARDNŞ birgə müəssisələrin qiymət siyasətinə qarışmır:
“Biz yalnız birgə müəssisələrin istehsalat fəaliyyətinə qarışa bilərik. Yəni tək “SOCAR-Petroleum” deyil. digər müştərək müəssisələrin də yalnız istehsalat fəaliyyətinə qarışırıq, satışa qarışmırıq”.
“BİZƏ YANACAĞI ARDNŞ ALIB VERİR”
“SOCAR-Petroleum” QSC-dən “Marja”ya bildirildi ki, Premium markalı benzini ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar idarəsi xaricdən alaraq QSC-yə təhvil verir. “SOCAR-Petroleum” yalnız yanacağın satışını təşkil edir.
ALIŞ QİYMƏTİ AŞAĞI SALINARSA, UCUZLAŞAR
“Siz bu məsələ ilə bağlı ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar idarəsi ilə əlaqə saxlayın. Onlar bu barədə sizə daha dəqiq məlumat verə bilərlər. Ola bilsin ki, Premium markalı benzin hələ də əvvəlki qiymətlə alınır. Buna görə, yanacağın satışında endirim oluna bilinmir. Əgər Premium benzinin alış qiyməti aşağı düşərsə, təbii ki müvafiq olaraq Azərbaycanda pərakəndə satış qiyməti də aşağı salınacaqdır”,- Şirkətdən bildirdilər.
Məsələ ilə bağlı “Azpetrol” şirkəti ilə əlaqə saxladıq. Şirkətdən bildirdilər ki, Şirkətin Mətbuat xidmətinin rəhbəri Camal Zeynalov yerində yoxdur.
Qeyd edək ki, bezin satışı ilə məşğul olan şirkətlər bir müddət öncə bildirmişdilər ki, “Premium Euro-95” markalı benzini Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) tövsiyə etdiyi qiymətə uyğun olaraq satırlar. /"Marja"

Şərhlər