ABŞ-də növbəti prezident seçkilərinin keçirilməsinə az bir müddət qalmış, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp işlərini sürətləndirib. ABŞ-nin Florida ştatındakı qolf klubunda keçirilən tədbirdə HƏMAS-ın ötən il oktyabrın 7-də başladığı “Əqsa tufanı” əməliyyatı ilə bağlı açıqlamalar verən Tramp diqqətçəkən ifadələr işlədib.
Tramp HƏMAS-ın ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harris administrasiyasının zəifliyindən istifadə etdiyini deyib. Oktyabrın 7-ni “dəhşətli tarixi an” olaraq xarakterizə edən Tramp, “Sanki cəhənnəmin qapıları açıldı və öz dəhşətini dünyaya yaydı. Biz bunu görəcəyimizi heç düşünməmişdik”, - ifadələrini işlədib.
O, növbəti dəfə vəzifədə olacağı təqdirdə Yaxın Şərqdə bu cür hadisələrin baş verməyəcəyini iddia edib.
Yenidən seçiləcəyi təqdirdə İsrailə tam dəstək verəcəyini vəd edən Tramp bunları deyib: “Mən prezident olsam ABŞ yenə əvvəlkindən daha güclü və İsraillə daha yaxın olacaq. Lakin seçkidə qalib gəlməliyik. Yəhudi dövlətinin məhv olmaq təhlükəsi ilə üzləşməsinə icazə verməyəcəyəm. Yəhudi xalqının bir daha Holokostdan əziyyət çəkməsinə icazə verməyəcəyəm. Amerikaya və müttəfiqlərimizə qarşı cihadın başlanmasına icazə verməyəcəyəm. Müharibədə qalib gəlmək üçün İsraili dəstəkləyəcəm”.
“AzPolitika.info”


Şərhlər