“İsrailə qarşı müharibə davam edəcək. Netanyahu istəsəydi, girovları xilas edə bilərdi”.
“AzPolitika” xəbər verir ki, bunu HƏMAS-ın silahlı qanadı İzzəddin Əl Qəssam Briqadalarının komandiri Əbu Ubeydə 7 oktyabr “Əl-Əqsa tufanı” əməliyyatının birinci ildönümü ilə bağlı çıxış edərkən deyib.
Uzun müddət sonra kameralar qarşısına keçən Ubeydə İsrailin müharibəni davam etdirəcəyi təqdirdə savaşacaqlarını bildirib.
“Mövcud şərtlərə və bütün gözlənilən ssenarilərə uyğun olaraq, Allahın köməyi ilə uzunmüddətli müharibədə mübarizəni davam etdirəcəyik. Nə qədər ki, düşmən təcavüzü və müharibəni davam etdirməkdə israrlıdır biz də davam edəcəyik. Düşmən girovlarının dəyişdirilməsi məsələsinə gəlincə, biz bunu işğalçı ictimaiyyətə və xüsusən də girovların ailələrinə demişik. Əgər bu, Netanyahunun məqsədlərinə və maraqlarına uyğun olsaydı, bir il əvvəl bütün girovlarınızı sağ-salamat geri ala bilərdiniz”,-deyə o, qeyd edib.
Əbu Ubeydə girovların psixoloji və sağlamlıq durumlarının yaxşı olmadığı barədə də xəbərdarlıq edib: “Girovların psixoloji və sağlamlıq vəziyyəti çox çətinləşib və onlar üçün risklər günü-gündən artır. Bir sözlə, girovların taleyi işğalçı hökumətin rəhbərliyinin qərarından asılıdır və bu, çox ciddi və təhlükəli məsələdir”.
“AzPolitika.info”


Şərhlər