“Gürcüstan hökumətinin bu il atdığı addımlar nəticəsində Böyük Britaniya və Gürcüstanla, eləcə də digər Qərb tərəfdaşları ilə münasibətləri pozulub”.
“AzPolitika” xəbər verir ki, bunu Böyük Britaniyanın Gürcüstandakı səfiri Qaret Uord "İnterpressnews" nəşrinə müsahibəsində bildirib.
“Britaniya tərəfi Gürcüstanla nazirlər səviyyəsində dialoqu dayandırmaq qərarına gəlib, müdafiə nazirliklərinin qərargahları arasında yüksək səviyyəli danışıqlar ləğv edilib və yeni kibertəhlükəsizlik proqramı dayandırılıb”, - diplomat qeyd edib.
Səfir ümidvar olduğunu bildirib ki, seçkilərdən sonra hakimiyyətdə kimin olmasından asılı olmayaraq Gürcüstan Qərb yoluna qayıdacaq, tərəflər arasında etimad bərpa olunacaq.
“Gürcüstanın dayanıqlığını və ümumi rifahımızı gücləndirmək üçün birlikdə işləyəcəyimizi gözləyirdim. Lakin son bir il ərzində Gürcüstan hökuməti fərqli bir yol seçdi və Tbilisidə olduğum ilk aylarda mən demokratik geri çəkilmə və anti-Qərb ritorikası ilə bağlı narahatlığımızı ifadə etməli oldum. Ümid edirəm ki, Gürcüstan hökuməti öz yanaşmasını dəyişəcək və bu, mənə nikbinliyi bərpa etmək imkanı verəcək”, - diplomat bildirib.
Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək. Hakim “Gürcü arzusu” partiyası Rusiya ilə ticari-iqtisadi əlaqələrin vacibliyini bəyan edərək, rəqiblərini ölkəni müharibəyə sürükləmək cəhdində ittiham edir. Müxalifət də öz növbəsində hakimiyyəti rusiyayönlü olmaqda ittiham edir.
Tbilisinin “xarici agentlər” haqqında qanun layihəsinin və bir sıra digər qərarların qəbulundan sonra Aİ ölkələri və ABŞ Gürcüstan hakimiyyətini kəskin tənqid edir. Avropa İttifaqı Gürcüstanın inteqrasiya prosesini dayandırıb, ABŞ isə ölkədə “demokratiyaya zərbə vuranlara” qarşı sanksiyalar tətbiq edib.
“AzPolitika.info”


Şərhlər