Nikol Paşinyana ən yaxın biznesmen sayılan Narek Nalbandyan getdikcə Ermənistanın əsas biznes sahələrini ələ keçirir.
“AzPolitika” xəbər verir ki, bunu Ermənistanın “Past” nəşri yazıb.
Qeyd olunur ki, Paşinyan hakimiyyətə gəlincə heç kimin tanımadığı və ciddi sayılacaq biznesi olmayan Narek Nalbandyanın bir çox sahələr üzrə biznesi çiçəklənməkdə davam edir: “Xüsusən də yazmışdıq ki, bu yaxınlarda Tsaxadzor “Qızıl Saray” otel kompleksi şəhərdə ən çox turisti qəbul edən otelə çevrilib və Ermənistanda bu göstərici üzrə liderdir. Bundan əvvəl Nalbandyanın istehsal etdiyi və onun soyadını daşıyan araq qısa müddətdə məşhurlaşıb. Araşdırmalarımız göstərdi ki, bunlar sadəcə başlanğıcdır. Belə çıxır ki, hakimiyyətin “qəlbinin oliqarxı”nın digər biznesləri də sürətlə öz sahələrini fəth edir. Məsələn, əldə etdiyimiz məlumatlara görə, “Şirak” quşçuluq təsərrüfatı son vaxtlar yumurta istehsalında lider mövqeyə çıxıb. Bu şirkət artıq istehsal həcminə görə bazar lideridir. Əldə etdiyimiz məlumata görə, bu vəziyyət sahənin digər oyunçuları arasında narahatlıq yaradıb, çünki bu sahə kifayət qədər rəqabətlidir”.

Qeyd edək ki, daha əvvəl də Ermənistan mətbuatı Nalbandyanın Paşinyanın hökuməti tərəfindən himayə edildiyinə və bundan istifadə edərək bir çox maxinasiyalarda iştirak etdiyinə dair məlumatlar yayıb.
“AzPolitika.info”


Şərhlər