Menu

“Zelenskinin “Qələbə Planı” Qərbin üzərinə məsuliyyət qoyur” – Politoloq

16.10.2024, 17:46
“Zelenskinin “Qələbə Planı” Qərbin üzərinə məsuliyyət qoyur” – Politoloq

Prezident Volodimir Zelenskinin ölkə parlamentində açıqladığı “Qələbə Planı”nın birinci müddəası kimi Ukraynanın dərhal NATO üzvlüyünə dəvət edilməsi göstərilib. 

İkinci bənddə Ukraynanın müdafiə sənayesi sahəsində istehsalın və Qərb tərəfdaşlarının köməyinin genişləndirilməsi qeyd edilib. Növbəti müddəada isə Ukraynanın ərazisində ölkənin Rusiyadan yönələ biləcək istənilən təhlükədən qorunmasını təmin edən qeyri-nüvə xarakterli strateji müdafiə sistemlərinin yerləşdirilməsi əks olunub. Planın 4-cü bəndi neftin qiyməti və Rusiya neftinin idxalının məhdudlaşdırılması ilə bağlıdır.

Volodimir Zelenski bildirib ki, onun planı dəstəklənsə, Ukrayna gələn ildən gec olmayaraq müharibəni bitirə bilər.

Bəs dəstəklənməsə necə olacaq?

Politoloq Elxan Şahinoğlu bildirir ki, bu sualın cavabı yoxdur, çünki müharibənin davam etdiyi şəraitdə Ukraynanın NATO-ya qəbul ediləcəyi ehtimalı azdır: "Bu isə Zelenskinin “Qələbə Planı”nın əsas bəndidir. Qərbin planın o biri bəndlərini yerinə yetirəcəyi də sual altındadır. Belə olan halda görəsən Zelenski “Qələbə Planı”nın reallaşmasını necə təsəvvür edir? Ukrayna və onun Prezidenti mürəkkəb vəziyyətdədir, müharibəni davam etdirmək üçün əlavə resurslara ehtiyac var".

Ekspert hesab edir ki, Zelenskinin “Qələbə Planı” Ukraynadan çox Qərbin üzərinə məsuliyyət qoyur. "Bu bir növü o deməkdir ki, Qərb bu planı dəstəkləməsə, Ukraynanın üzləşə biləcəyi ağır duruma görə məsuliyyət daşıyacaq. Zelenskinin “Qələbə Planı”nı bu şəkildə hazırlamasının əsas məqsədi elə budur".

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol