Rusiyanın MiG-31 təyyarəsi: Rusiya NATO-nun Ukraynadakı mövqeyini təxribat xarakterli hesab edir
Polşa bildirib ki, bu həftə Rusiyanın Baltik dənizində həyata keçirdiyi dəniz və hava qüvvələri əməliyyatı “misli görünməmiş” səviyyədədir. Müdafiə naziri Tomasz Siemoniak deyib ki, fəallıq əsasən beynəlxalq su və hava məkanında baş verib və bundan daha çox İsveçrə təsirə məruz qalıb.
Britaniya da daxil olmaqla, Baltikyanı ölkələrin NATO tərəfdaşları bölgədə hərbi təyyarələrə və hava polisi missiyasına malikdir və Rusiya təyyarələrini nəzarətdə saxlayırlar.
Ukraynadakı son döyüşlər gərginliyi artırıb.
Cənab Siemoniak bildirib ki, Rusiya “hücum etməyə hazırlaşmayıb”, lakin NATO müdafiəsini sınaqdan keçirib. Bu isə “normal əməkdaşlığın qurulmasına və etimada xidmət etmir”.
Pribaltikada yerləşən üç kiçik keçmiş Sovet ölkəsi – Estoniya, Latviya və Litva 2004-cü ildə NATO-ya qoşulub.
Polşanın TVN24 xəbər kanalına müsahibə verən Siemoniak bildirib ki, Polşa ordusunu yüksək hərbi hazırlıq vəziyyətinə gətirməyə heç bir ehtiyac yoxdur.
NATO və Ukrayna Rusiyanı şərqi Ukraynada münaqişəni qızışdırmaqda və rusiyapərəst üsyançıları silah və döyüşçü ilə təmin etməkdə ittiham edir. Rusiya ittihamları rədd edir, lakin rusiyalı “könüllülərin” üsyançılara kömək etdiyini də qəbul edir.(bbc)


Şərhlər