Bakı Ali Neft Məktəbinə (BANM) strateji inkişaf üzrə prorektor təyin edilib. 

"AzPolitika" xəbər verir ki, bu vəzifəyə Güldənə Hidayətli təyinat alıb. Məlumatı sosial şəbəkədə BANM-in rektoru Elmar Qasımov paylaşıb. 

"Əziz dostlar!

Bu günlərdə yetirməmiz Güldənə Hidayətli Bakı Ali Neft Məktəbinə strateji inkişaf üzrə prorektor təyin edildi.

Güldənə Hidayətli BANM-də həm bakalavr, həm də magistraturada təhsil almışdır. Bitirdikdən sonra biz onu doğma kollektivdə saxladıq.

Əvvəlcə keyfiyyətə təminat şöbəsində əməkdaş, son 5 ildə isə həmin şöbənin müdiri vəzifəsində çalışmışdır.

Gənc, dinamik, savadlı, yaradıcı xanımdır. Ən əsası, öz kollektivinə sadiqdir.

Mən isə çox qürurluyam. İlk tələbə biletini, sonra isə bakalavr və magistr diplomlarını təqdim etdiyim yetirməmizin təqdimatını prorektor vəzifəsinə təqdim etdim.

SOCAR prezidenti cənab Rövşən Nəcəfə və SOCAR-ın vitse-prezidenti Ziba xanım Mustafayevaya təqdimatımıza və məzunumuza göstərdikləri böyük etimada görə dərin minnətdarlığımı bildirirəm.

Güldənə xanıma isə böyük etimadı doğrultmağı və fəaliyyətində uğurlar arzu edirəm", - rektor yazıb.