Türkiyə Xarici İşlər Nazirliyi bu istiqamətdə suallara cavab verib
Erməni “soyqırımı” olmayıb dediyi üçün şəhid edilən türk diplomat Qalib Balkarın qardaşı oğlu bəzi suallarla Türkiyə Xarici İşlər Nazirliyinə müraciət edib. ANS PRESS-in məlumatına görə, Cəlal Kamal Balkar 974062 saylı məlumat əldə etmək hüququna görə, nazirliyə 3 sual ünvanlayıb.
1. 2015-ci il qondarma “soyqırımının” 100-cü ildönümüdür. Bunun üçün nə kimi tədbirlər görmüsünüz?
2. Ermənistan qondarma “soyqırımını” təbliğ etmək üçün 32 000 kitab nəşr edib. Türkiyədə “soyqırımını” inkar edən 32 kitab var. Xarici İşlər Nazirliyi olmamış “soyqırımını” təbliğ etmək üçün neçə kitab və broşura hazırlayıb?
3. Xarici İşlər Nazirliyi şəhid qohumlarını nazirliyə dəvət edərək müştərək mətbuat konfransı keçirəcəkmi?
Nazirlik məktuba cavab verərək bu istiqamətdə tədbirlərin görüləcəyini açıqlayıb:
“25.11.2014 tarixli müraciətiniz araşdırılıb. Mövzuya həssaslıqla yanaşdığınız üçün təşəkkür edirik. 1915-ci il hadisələrinin 100-cü ildönümü olan 2015-ci il yaxınlaşdığı bir vaxtda erməni həqiqətlərinin dünyaya çatdırılmasına, ermənilər tərəfindən beynəlxalq ictimaiyyətə təbliğ olunan tərəfli fikirlərin dəyişdirilməsi istiqamətində fəaliyyətlərimiz şox şaxəli olaraq davam etməkdədir. Bu çərçivədə ASALA terroru nəticəsində müxtəlif ölkələrdə şəhid olan diplomatlarımız hər il martın 18-də, şəhidlər günü münasibti ilə yad edilir. Türkiyə özündən əmin, tarixindən aldığı qürurla və tarixi mənbələrə əsasən 1915-ci il hadisələri barədə əsassız iddialara qarşı güclü şəkildə mübarizə aparmaqda, tarixin qaralanması cəhdlərinə qarşı prinsipial mövqeyini davam etdirməkdədir. Bu çərçivədə mövzu hərtərəfli araşdırılmaqda və lazımi tədbirlər görülməkdədir”.
Xatırladaq ki, Türkiyənin Yuqoslaviyadakı səfiri Qalib Balkar “Erməni soyqırımı olmayıb” dediyi üçün 1983-cü il martın 9-da Belqradda 2 ASALA mənsubu tərəfindən silahlı hücuma məruz qalıb. Ağır yaralanan Balkar martın 11-də dünyasını dəyişib. Hadisə zamanı yuqoslaviyalı bir tələbə də ölüb.
Hadisəni törədən Qriqor Levonyan və Raffi Aleksandra Əlbəkiyan 1 il sonra – 1984-cü il martın 9-da həbs olundular. Barələrində 20 il ağırlaşdırılmış həbs cəzası verilən terrorçuları məhkəmədə “Serb qəssəb” kimi məşhur olan Slobodan Miloşeviç müdafiə edib.
Məlumata görə, həmin terrorçulardan biri hazırda İrəvanda, digəri Livanda yaşayır.
Xarici İşlər Nazirliyinin suallara verdiyi cavab isə bəzi mətbuorqanları qane etməyib və onlar bunu, "yola vermək" kimi dəyərləndiriblər.


Şərhlər