Menu

QÜDRƏT HƏSƏNQULİYEVİN 60 İLLİK YUBİLEYİDİR

29.01.2025, 14:28
QÜDRƏT HƏSƏNQULİYEVİN 60 İLLİK YUBİLEYİDİR

Bu gün - yanvarın 29-da tanınmış siyasi xadim, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin 60 yaşı tamam olur.

Qüdrət Müzəffər oğlu Həsənquliyev 29 yanvar 1965-ci ildə Naxçıvan Muxtar Respublikası, Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. 1992-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Bakı şəhər Nəsimi rayon prokurorluğunda müstəntiq, Dövlət katibinin köməkçisi, Asiya Universitetinin baş müəllimi vəzifələrində çalışıb. Evlidir, 2 övladı var.

Q.Həsənquliyev Azərbaycanda ötən əsrin 80-ci illərinin sonlarında başlayan milli azadlıq hərəkatında fəal iştirak edib. 1992-ci ildə hakimiyyətə gəlmiş Azərbaycan Xalq Cəbhəsinin iqtidar komandasında yer alıb. 2004-cü ilin 3 aprel tarixində keçirilən qurultayda Bütöv Azərbaycan Xaq Cəbhəsi Partiyasının sədri seçilib. (Partiyanın sonuncu qurultayında təşkilatın adı dəyişdirilərək Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası adlandırılıb).

Qüdrət Həsənquliyev 2000-2003-cü illərdə Mərkəzi Seçki Komissiyasının üzvü olub. 6 çağırş (II, III, IV, V, VI, VII) Milli Məclisin üzvü seçilib, hazırda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavindir. O, həmçinin Azərbaycanda 2003, 2008, 2013, 2018 və 2024-cü illərdə keçirilmiş prezident seçkilərində prezidentliyə namizəd kimi iştirak edib.

Q.Həsənquliyev Azərbaycan Milli Məclisin ən aktiv üzvlərindən biridir, parlamentin fəaliyyətini işıqlandıran jurnalistlərin apardığı sorğularda fəal deputatların birinci beşliyində yer alıb.

Qüdrət Həsənquliyev parlamentdəki çıxışlarında, həmçinin mediaya müsahibələrində ölkədə genişmiqyaslı hüquqi, siyasi, sosial-iqtisadi islahatların vacibliyi barədə çağırışlar edib. Habelə Azərbaycanın xarici siyasəti - Rusiya, Türkiyə, İran və Qərb ölkələri, beynəlxalq təşkilatlarla münasibətlərinə dair ardıcıl çıxışlar edir, təkliflər verir.

O, Milli Məclisdə bir sıra qanunvercilik təşəbbüslərinin müəllifi olmaqla yanaşı dövlət qurumlarının, yüksək çinli məmurların neqativ fəaliyyətini sərt tənqid edib, parlament tribunasından hüququ pozulan vətəndaşların, jurnalistlərin, vətəndaş cəmiyyəti təmsilçilərinin müdafiəsinə qalxıb.

Bu gün media və sosial şəbəkələr vasitəsi ilə Azərbaycan cəmiyyətinin ən müxtəlif təbəqələrindən 60 illik yubileyi ilə bağlı Qüdrət Həsənquliyevə çoxsaylı təbriklər ünvanlanır. “AzPolitika” komandası da bu təbriklərə qoşulur, millət vəkilini əlamətdar gün münsibəti ilə təbrik edir, can sağlığı, fəaliyyətində yeni uğurlar arzulayır.

“AzPolitika.info”

Şərhlər

Bəhi Dəxi 2025-01-30 12:45:27

Uzun müddətli fəal Millət Vəkili üçün çox qısa boqraf deyilmi? Aktuallığı ötmüş bir sualı da var. İllərlə *qızmar Əfqanıstan*a Sülhməramlı kimi göndərilmiş Azərbaycanı NATO nədən üzvlüyünə cəlb etməyib? Tarix hiss edilmədən də dəyişir. Kremlin *dayaqları* NATOsuz da (dünənki Hərbi İşğalçı) Ermənistanda əvəzlənməkdədir?!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol