Menu

Rəhman Şahhüseynli saxlanıldı - Nədə şübhəli bilinib? (Yenilənib)

31.01.2025, 15:35
Rəhman Şahhüseynli saxlanıldı - Nədə şübhəli bilinib? (Yenilənib)

Azərbaycanın Yunanıstandakı səfirliyinin birinci katibi vəzifəsində işləmiş Rəhman Şahhüseynli saxlanılıb.

"AzPolitika" xəbər verir ki, sabiq birinci katib xırda xuliqanlıqda, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməməkdə və polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda şübhəli bilinib.

R. Şahhüseynli Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub.

Barəsində 3 maddə üzrə protokollar tərtib olunub və baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilib. Protokolda polis onun 2 ay müddətinə həbs edilməsini istəyib.

Sumqayıt Şəhər Məhkəməsində Rəhman Şahhüseynli barəsində xırda xuliqanlıqla bağlı bəraət verilib, digər iki əmələ görə isə 500 manat cərimə edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Faktı Rəhman Şahhüseynlinin vəkili Könül Cəfərli "Report"a təsdiqləyib.

Qeyd edək ki, Yunanıstan səfirliyinin birinci katibi olan Rəhman Şahhüseynli 2024-cü ilin sentyabrında geri çağırılıb və “diplomatik xidmət orqanlarının əməkdaşına uyğun olmayan əməllər törətdiyi” üçün diplomatik fəaliyyətinə xitam verilib.

***

Rəhman Şahhüseynli baş verənlərlə bağlı “Qafqazinfo”ya müraciət edib. Bildirib ki, bütün bunlar illərdir onunla yaşayan və ciddi səbəblərdən dolayı qarşı tərəfə getməkdən qətiyyətlə imtina edən uşağına görədir: “Məsələnin mahiyyəti ailə-məişət və uşaq mövzusu olduğu üçün detallara girmək istəmirəm. Media nümayəndələrini də bu tip xəbərlərə həssas yanaşmağa, paylaşmamağa çağırıram. Qısaca deyim ki, keçmiş qohumlarım müxtəlif yollarla mənə təzyiq edərək, hazırda davam edən məhkəmələrdə üstünlük əldə etmək istəyirlər.

Vaxtilə uşağa qarşı qanunsuz və amansız əməllər törətmiş Sumqayıt İcra idarəsinin bəzi məmurları da keçmiş qohumlarımla eyni cəbhədə mənə qarşı “vuruşduqlarına” görə məsələ çox eybəcər forma almaqdadır. Şikayətim əsasında həmin məmurlardan bəziləri artıq işdən uzaqlaşdırılıb, digərləri tənbeh olunub.

Səlahiyyətindən sui-istifadə edərək qisas zəminində mənə və uşağa qarşı qərəzli və qanunsuz əməllər törədən icra məmurları ilə bağlı 10 gün əvvəl ədliyyə nazirinin müavini Mübariz Əhmədovun qəbulunda oldum. Orada məsələni sənəd və sübutlarla diqqətə çatdırdım. Mənə verilən məlumata görə, həmin məmurlar barədə artıq xidməti araşdırma başlanıb”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol