Bu gün İsrail və HƏMAS arasında əsir mübadiləsinin beşinci raundu baş tutub. 3 israilli kişi məhbusun müqabilində 183 fələstinli mücahid azad edilib.
“AzPoltika” xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Əvvəlcə Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan üç israilli girovu bu gün Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə təhvil verib. Belə ki, 2023-cü il oktyabrın 7-də HƏMAS tərəfindən əsir alınan 52 yaşlı Eli Sharabi və 56 yaşlı Ohad Ben-Ami, eyni gün musiqi festivalından sonra girov götürülən 34 yaşlı Or Lev azad edilib .

Bundan sonra 183 fələstinli əsir Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin rəsmilərinə təhvil verilib. İordan çayının qərb sahilindəki Ramallah şəhərində yerləşən Ofer həbsxanasından buraxılan fələstinli mücahidlər avtobuslara mindirilib.
183 fələstinli məhbusdan 18-i ömürlük, 54-ü uzunmüddətli həbs cəzasına məhkum edilmiş, 111-i isə 2023-cü il oktyabrın 7-dən sonra Qəzza zolağında əsir götürülən şəxslərdir.

Qeyd edək ki, HƏMAS və İsrailin razılaşdığı atəşkəsin birinci mərhələsi 42 gün davam edəcək. Bunun bir hissəsi olaraq HƏMAS hərəkatı 1900-ə yaxın fələstinli məhbusun əvəzində 33 girovu azad edəcəyini vəd edib. İkinci mərhələ qalan girovların azad edilməsini və müharibənin yekun başa çatması ilə bağlı müzakirələrin başlanmasını əhatə etməlidir. Üçüncü mərhələ ölülərin cəsədlərinin dəyişdirilməsini əhatə edəcək.





Şərhlər