“Fransa lazım gələrsə, Amerika hərbçiləri qitəni tərk etsə belə, qeyri-nüvə Avropa ölkələrinin müdafiəsiz qalmayacağını göstərmək üçün nüvə silahına malik bir neçə qırıcısını Almaniya ərazisində yerləşdirməyə, bunu Rusiyaya nümayiş etdirməyə hazırdır”.
“AzPolitika” xəbər verir ki, bu barədə çərşənbə axşamı Britaniyanın "The Telegraph" qəzeti adı açıqlanmayan Fransa rəsmilərinə istinadən yazıb.
Bir mənbə bildirib ki, Fransanın qərarı Avropanın digər nüvə dövləti olan İngiltərəni də Almaniyaya nüvə təhlükəsizliyi zəmanəti verməyə sövq edə bilər.
Bundan əvvəl Almaniyanın gələcək kansleri Fridrix Merz Britaniya və Fransanı Avropanın müdafiə məsələlərində ABŞ-dan daha müstəqil olmaq istəyinin bir hissəsi kimi “nüvə çətirini” nüvəsiz Almaniyaya qədər uzatmağa çağırmışdı.
Mənbələrdən biri deyib: “Fransaya məxsus bir neçə nüvə gücünə malik qırıcı təyyarənin Almaniyada yerləşdirilməsi güclü mesaj verəcək sadə addımdır”.
Rəsmi Paris hələlik nəşrin yazdıqlarına münasibət bildirməyib.
İkinci Dünya Müharibəsindən sonra Birləşmiş Ştatlar Qərbi Avropadakı müttəfiqlərinin təhlükəsizliyinə, həm də qitədə yerləşdirilmiş nüvə silahları vasitəsilə təminat verib. SSRİ ilə razılaşmaya əsasən Avropada yerləşdirilən orta və qısa mənzilli raketlərin ləğvindən sonra ABŞ-nin Almaniyadakı hərbi bazasında 100-ə yaxın nüvə başlığı qalır.
Qəzet qeyd edir ki, Fransanın nüvə qüvvələri NATO-dan muxtar şəkildə fəaliyyət göstərir, Britaniya nüvə qüvvələri isə bu alyansın strukturunda möhkəm yer alıb. Fransanın 300-dən çox nüvə başlığına sahib olduğu, onların əksəriyyəti sualtı qayıqlarda olduğu təxmin edilir. Britaniyaya gəldidə, 200-dən bir qədər çox döyüş başlığı var və onun nüvə qüvvələri Trident raketləri daşıyan dörd nüvə sualtı qayıqdan ibarətdir.
Merz də daxil olmaqla, Avropanın bir çox liderləri Vaşinqton və Moskva arasında baş verən yaxınlaşmanın ABŞ-nin Avropa ilə müdafiə əməkdaşlığını məhdudlaşdıra biləcəyindən, o cümlədən ABŞ qoşunlarını qitədən çıxarmaqdan və hətta NATO-dan çıxması ilə nəticələnəcəyindən ehtiyatlanırlar. Vaşinqton bu cür planlarının oluğunu rəsmi olaraq açıqlamayıb.
“AzPolitika.info”


Şərhlər