"Bu yaxınlarda açıqlanmış məlumatlara görə, Gürcüstanın beynəlxalq hava limanları 2024-cü ildə 7.4 milyon sərnişinə xidmət göstəriblər".
"AzPolitika" xəbər verir ki, bu barədə iqtisadçı Toğrul Vəliyev bildirib.
Ekspert xatırladır ki, Gürcüstanda rəsmi olaraq 3 beynəlxalq hava limanı fəaliyyət göstərir: "Sərnişindaşımanın əsas hissəsi Tbilisinin payına düşsə də, 2023-cü ildən bəri Kutaisi də payını ciddi surətdə artırmağa başlayıb. Belə ki, indiki halda Tbilisinin payı 64%-dir, Kutaisinin 23% və Batuminin payı isə 13%-ə bərabərdir. Azərbaycanda isə belə bir bölgüyə yaxın nəsə görünmür. Bakı hava limanının payı əksinə artır və 2024-cü ilin nəticələrinə görə 89% civarındadır. 90%-dən artıq olmamasının yeganə səbəbi Naxçıvandır. Təsəvvür edin ki, əgər Naxçıvan ilə Ermənistan vasitəsilə birbaşa əlaqə açılsa, Bakı hava limanının ölkədaxili trafiki qat-qat azalacaq və əlbəttə ki, bu heç də AZAL-ın maraqlarında deyil".
Bəs bu qədər hava limanının olması xarici turistlərin sayında artıma səbəb olubmu? T.Vəliyev bildirir ki, Azərbaycana 2024-cü ildə 1,86 milyon xarici turist gəlib, amma sərhədi keçmiş bütün xarici vətəndaşlar burada nəzərə alınmır: "Adətən DSK da dərc etdiyi rəqəmlərdə “əcnəbi və vətəndaşlığı olmayan şəxs” söz birləşməsindən istifadə edir. Amma eyni zamanda ayrıca olaraq turist və qeyri-turistlərin statistikasını da aparır. Qeyri-turistlərin sayı 771 min nəfərdir. Onların mütləq çoxluğu (99%) hava nəqliyyatı vasitəsilə ölkəyə daxil olub, qalan 1% su nəqliyyatının payına düşür. Başqa sözlə, 1,83 milyon turist Azərbaycana hava nəqliyyatı vasitəsilə gəlib".
Bəs Gürcüstanda vəziyyət necədir? İqtisadçı qeyd edir ki, Gürcüstan tərəfinin yaydığı rəsmi statistikaya əsasən ölkəyə 2024-cü ildə 6,5 milyon turist səfər edib: "Onların 2,4 milyonu hava nəqliyyatından istifadə edib. Yəni başqa sözlə sərhədləri açıq olan Gürcüstana Azərbaycanla müqayisədə hava nəqliyyatı vasitəsilə daha çox turist gəlib. Hətta burada Formula-1, COP-29 və s. kömək etməyib".
T.Vəliyev vurğulayır ki, hətta hava nəqliyyatı vasitəsilə xarici turistlərin ölkəyə cəlb olunması üçün quru sərhədləri bağlı saxlamaq kifayət etmir: "İlk əvvəl ölkəyə xarici turistləri cəlb etmək lazımdır. Ondan sonra isə onlar artıq istədikləri nəqliyyat növünü seçəcəklər. Birincisi olmadığı halda, ikincisinin də inkişafı mümkün deyil".
"AzPolitika.info"


Şərhlər
Yaxši ....açmayin. yollari.......