Menu

Aliment Fondunun yaradılması saxta boşanmaları artıra bilər - Zahid Oruc

03.03.2025, 10:52
Aliment Fondunun yaradılması saxta boşanmaları artıra bilər - Zahid Oruc

Aliment Fondunun yaradılması saxta boşanmaları artıra bilər.

APA xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsi”nin müzakirəsində komitə sədri Zahid Oruc deyib.

“Mən ilk dəfə Aliment Fondunun yaradılması ilə bağlı məruzədə yer alan təklifə öz subyektiv fikrimi demək istəyirəm. Boşanmalarla bağlı bir daha Aliment Fondunun yaradılması effektli yol kimi irəli sürülür. Bizə görə belə addımın atılması əksinə, saxta boşanmaları gücləndirə bilər. Məruzədə Ombudsmanın aliment ödənişlərinin təyinatını, qanunvericilikdə aliment öhdəliklərinin icrasına xüsusi yanaşmanı, o cümlədən bu sahədə məhkəmə qərarlarının icrasındakı problemləri nəzərə alaraq, habelə xarici ölkələrin təcrübəsinə əsaslanmaqla əvvəlki illik məruzələrində Aliment Fondunun yaradılması ilə bağlı irəli sürdüyü təklif aktuallığını saxlayır”, - deyə Zahid Oruc qeyd edib.

Şərhlər

Moshu 2025-03-04 07:48:05

Belə bir deyim var, sillənin dadını onu yeyən bilər. Söz xatirinə söz demək ən azından Milli Məclisin deputatına, Komitə sədrinə mən yaraşdırmazdım. Bu gün internet vasitəsilə istənilən məlumatı əldə etmək mümkündür. Milli Məclisdə hər hansı qanunu qəbul etmək istəyirlərsə, onun vacibliyini əsaslandırmaq üçün xarici ölkələrin təcrübəsinə müraciət edirlər. Zahid bəyə çəyinlik törətməzdi bu ölkələrin təcrübəsinə müraciət etsin. Məsələn, Latviya, İspaniya, Bəhreyn Krallığı, Polşa, Fransa, Litva kimi bəzi ölkələrdə aliment ödəməyə borclu olan valideyn bunu etmədiyi hallarda dövlət uşaqları dəstəkləmək öhdəliyini öz üzərinə götürür. Polşada aliment fondu yaradılmışdır. Belə ki, öhdəliyi olan şəxslərdən aliment toplamaq mümkün olmadıqda həmin fonddan nağd ödənişlər edilir. Fondun vəsaiti aliment ödəməyə borclu olan şəxslərdən toplanan məbləğlər, büdcədən subsidiyalar, könüllü ayırmalar və digər mənbələr hesabına formalaşır.
Fondun yaradılmasında bir məqsəd güdülür - valideynləri aliment öhdəliklərini yerinə yetirməkdən yayınan uşaqlara maddi dəstək, bu birincisi. İkincisi, fond öz fəaliyyətini əksər hallarda dövlət büdcəsindən ayrılan vəsaitlərdən və borclulardan yığılan məbləğlərdən istifadə etməklə həyata keçirir. Üçüncüsü, hər bir ölkənin öz xüsusiyyətləri var - ödənişlərin məbləği, ərizəyə baxılma müddəti, ödənişlərin müddəti.
Zahid müəllimin Aliment Fondunun yaradılması saxta boşanmaları artıra bilər arqumentinin isə heç bir elmi əsası yoxdur. Məlumdur ki, Azərbaycanda boşanma halları kifayət qədərdir və alimentdən yayınanların sayı da az deyil. Təkcə 2022-ci il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 61939 nikaha daxilolma və 15983 boşanma halları qeydə alınıb. Əlbəttə, xoşagələn rəqəmlər deyil. Saxta boşanmalara gəldikdə isə işğaldan azad olunmuş ərazilərə qaytarılacaq bəzi şəxslər Bakıda və ya digər şəhərlərdə onlara dövlət tərəfindən verilmiş evi saxlamaq üçün süni boşanmalara gedirlər. Əvvəllər məcburi köçkün qadın qaçqın olmayan bir kişi ilə ailə qururdusa, o zaman onun statusu itirilirdi. Bu zaman süni boşanmalara gedilirdi və məcburi köçkünlük statusunu yenidən bərpa edib yeni tikilmiş binalardan ev ala bilirdilər. İndi isə tutaq ki, Bakıdakı evi saxlamaq üçün bu yola əl atılır. Çox nadir hallarda aliment verməmək üçün boşanma hallarına rast gəlinir.
Vaxtı ilə Cinayət Məcəlləsində “Uşaqlara və ya valideynlərə kömək göstərməkdən qərəzli boyun qaçırma adlı 176 nömrəli maddə var idi. Zahid müəllim bu maddənin hansı zərurətdən 2012-ci il 28 dekabr tarixli 541-IVQD nömrəli qanunu ilə ləğv edilməsi məsələsinə aydınlıq gətirməsi dəyərli oxucular üçün də maraqlı olardı. Milli Məclisimiz yaradıcılıq, quruculuq əvəzinə təxribatçılıqla məşğuldur. Çox şey yaza bilərdim, onsuz da Azpolitika bir çox hallarda yazılarımı vermir.
Hörmətli Ombudsmanımızı salamlayıram. Onun qaldırdığı məsələ həqiqətən də təqdirəlayiqdir. Bu məcələni Milli Məclis gündəmdə saxlamalı və qısa müddətdə bu məsələyə bir aydınlıq gətirməlidir. Ombudsmanın qaldırdığı bir vacib məsələyə də münasibət bildirmək istədim. Vaxtı ilə Ombudsman “Alternativ xidmət haqqında” qanunun qəbul edilməsini gündəmə gətirmişdir, halbuki Alternativ xidmət haqqında məsələ hazırda qüvvədə olan Konstitusiyamızda mövcuddur. Müharibə şəraitində oıduğumuz vaxtda bu məsəəni gündəmə gətirmək düzgün olmazdı. Bu gün isə bu qanunun qəbul edilməsi günün tələbidir. Beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı dəfələrlə öz iradlarını bildirmişlər. Bax, bizim Milli Məclis belə Məclisdir.
P.S. Hörmətli Azpolitika, belə vacib, aktual mövzuları səhifənizdə uzun müddət saxlamağınız məsləhət olardı. Bəzən elə maraqsız mövzuları səhifənizdə saxlayırsınız ki, oxucuda da maraq doğurmur. Belə məsələlərə diqqət yetirsəniz, inandırım Sizi oxucularınızın sayında kifayət qədər artım müşahidə olar. Məndən deməkdir, qərarı Siz verin. Mən olsa idi, bu mövzunu yenidən səhifəmə qaytarardım.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol