Menu

Neftin ucuzlaşması Azərbaycan sənayesinə mənfi təsir etdi

16.12.2014, 12:48
Neftin ucuzlaşması Azərbaycan sənayesinə mənfi təsir etdi

İqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan Ümumi Daxili Məhsul istehsalı 2014-cü ilin on bir ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artaraq 53,7 milyard manata çatmışdır.

Əlavə dəyərin 42,6 faizi sənaye sahələrində, 12,6 faizi tikinti kompleksində, 5,1 faizi kənd təsərrüfatında, 4,9 faizi nəqliyyatda, 10,0 faizi ticarət və pullu xidmət sahələrində, 1,8 faizi informasiya və rabitədə, 15,8 faizi digər sahələrdə istehsal olunmuşdur.

Əhalinin hər nəfərinə 5710,7 manatlıq (7281,3ABŞ dolları) əlavə dəyər istehsal olunmuşdur.

QEYRİ-NEFT SEKTORU 6,5% ARTIB

Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 6,5 faiz artmış, neft sektorunda isə 3,4 faiz azalmışdır.

SƏNAYE 1,5% GERİLƏYİB

Sənaye sahəsində məhsul istehsalı keçən ilin yanvar-noyabr ayları ilə müqayisədə 1,5 faiz azalaraq 29,8 milyard manata çatmış, onun 70,4 faizi və ya 21,0 milyard manatı mədənçıxarma bölməsində, 23,4 faizi, yaxud 7,0 milyard manatı emal bölməsində, 5,5 faizi və ya 1,6 milyard manatı elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,7 faizi və ya 211,3 milyon manatı su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur.

SƏNAYENİN QEYRİ NEFT SEKTORU 6,6% ARTIB

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 6,6 faiz artmış, neft sektorunda isə 3,0 faiz azalmışdır.

38,4 MİLYON TON NEFT HASİL EDİLİB

Mədənçıxarma bölməsinin məhsullarından yanvar-noyabr aylarında 38,4 milyon ton xam neft, 17,0 milyard kub metr əmtəəlik qaz hasil olunmuşdur.

Emal bölməsində qida məhsulları istehsalı 0,9 faiz, içki istehsalı 9,1 faiz, geyim istehsalı 65,0 faiz, toxuculuq sənayesi məhsulları istehsalı 6,7 faiz, kimya sənayesi məhsulları istehsalı 28,3 faiz, tikinti materialları istehsalı 19,8 faiz, hazır metal məmulatlarının istehsalı 10,4 faiz, elektrik avadanlıqları istehsalı 21,8 faiz, avtomobil və qoşquların istehsalı 48,7 faiz, sair nəqliyyat vasitələri istehsalı 3,3 dəfə, zərgərlik, musiqi, idman və tibb avadanlıqları istehsalı 90,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 47,4 faiz artmışdır.

İlin əvvəlindən ölkənin elektrik stansiyalarında 19,8 milyard kVt.saat elektrik enerjisi (7,2 faiz çox) istehsal olunmuşdur.

AQRAR SEKTOR 3% ARTIB

Aqrar bölmədə bitkiçilik məhsullarının yığımı başa çatmaq üzrədir. Dekabrın 1-nə kimi qarğıdalı da daxil olmaqla 2379,4 min ton taxıl, 819,3 min ton kartof, 1181,6 min ton tərəvəz, 40,6 min ton pambıq, 844,6 min ton meyvə və giləmeyvə, 440,9 min ton bostan məhsulları, 147,6 min ton üzüm, 166,4 min ton şəkər çuğunduru, 20,3 min ton dən üçün günəbaxan, 2,9 min ton tütün, 459,2 ton yaşıl çay yarpağı toplanmış, diri çəkidə 421,1 min ton ət, 1705,2 min ton süd, 1425,6 milyon ədəd yumurta və 16,6 min ton yun istehsal olunmuşdur.

Dəyər ifadəsində heyvandarlıq məhsulları istehsalı 3,0 faiz artmış, bitkiçilik məhsulları istehsalı 8,1 faiz, kənd təsərrüfatının ümumi məhsulu isə 2,9 faiz azalmışdır. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol