Menu

“Avtobus sürücüləri narkotikdən istifadə edirlər” - Deputatdan sensason iddia

16.12.2014, 14:24
“Avtobus sürücüləri narkotikdən istifadə edirlər” - Deputatdan sensason iddia

Bu gün parlamentin plenar iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev ölkə yollarındakı fəlakətli vəziyyətdən bəhs etdi. O, Nəqliyyat və Daxili İşlər nazirliklərinin diqqətini marşrut avtobuslarının törətdiyi qəzalara yönəltdi.

Q.Həsənquliyev Avropa səfəri zamanı avtobusdan istifadə edərkən üzləşdiyi maraqlı məqamları da həmkarları ilə bölüşdü. O, dedi ki, Avropada bir sürücü gündə 8 saatdan artıq maşın sürə bilməz. Həmçinin sürücü qaydaları pozduğu, sürəti həddən artıq artırdığı halda, avtomatik şəkildə xüsusi cihaz işə düşür və maşın sönür.

Azərbaycandakı durumla bağlı danışarkən isə deputat sensasion bir məlumatı çatdırdı: “Əhali arasında belə məlumatlar yayılıb ki, avtobus sürücüləri 16 saat çalışır. 8 saatdan sonra sürücülər yorğunluğu hiss etməsinlər deyə, hətta narkotik maddələrdən istifadə edirlər”.

O, bu önəmli məlumatın ciddi şəkildə araşdırılmasını istədi.

Q.Həsənquliyev sürət həddinin ifrat şəkildə aşılmasına görə sürücülərin cinayət məsuliyyətinə cəlb olunmasını da təklif etdi: “Çünki belə hallarda özləri cəhənnəm, ətrafdakı insanları, sərnişinləri fəlakətlərə düçar edirlər”.

Eyni zamanda deputat Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Ramiz Hüseynova müraciətlə avtobusların dərhal sözügedən cihazla təmin olunmasını zəruri saydı.

Ramiz Hüseynov isə Q.Hədənquliyevin qaldırdığı məsələlərə reaksiya verərək bunları bildirdi: “Həqiqən də Qərb ölkələrinin əksəriyyətində rəqqəmsal taxoqraflar qurulub. Bu məsələ də gündəmdədir. Nəqliyyat Nazirliyi tərəfindən müvafiq işlər görülüb. Yaxın vaxtlarda bu, öz həllini tapmalıdır. Sürət həddinin aşılmasına görə cinayət məsuliyyətinin nəzərdə tutulması, bəlkə də aktualdır. Bu gün sürət həddinin aşılmasına görə 250 manat cərimə nəzərdə tutulur. Avtrobus sürücülərinin 8 saatdan artlıq işləməsi isə həqiqətən təhlükəlidir. Yaxın vaxtlarda avtobuslarda sərnişin daşımalarının təşkili məsələsi köklü surətdə dəyişdiriləcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol