Dəyərli dostlar, əziz həmvətənlər!
Sizi müqəddəs Ramazan bayramı münasibəti ilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, uzun ömür, səadət, xoşbəxtlik, sülh və əmin-amanlıq arzulayıram!
Xalqımızın milli mənəvi dəyərləri, dinimizin adət-ənənələri içərisində bu bayramın xüsusi yeri vardır. Belə ki, çox əsrlərdir sonuncu səmavi din olan islam dinini qəbul edərək bu dinə itaət edirik. Tarixən Azərbaycan cəmiyyətində vəhdətin, həmrəyliyin və nümunəvi tolerantlıq mühitinin bərqərar olmasında İslam dini əhəmiyyətli rol oynamışdır. Milli-mənəvi dəyərlərinə hər zaman dərin bağlılıq nümayiş etdirən xalqımız öz adət-ənənələrini, dini ayin və mərasimlərini bu gün də layiqincə qoruyub saxlayır, o cümlədən Ramazan bayramını hər il xüsusi təntənə ilə keçirir.
Fəxarət hissi ilə deyə bilərik ki, biz çox dəyanətli və əzmkar xalq olaraq tarixin müxtəlif dövrlərində cürbəcür məhrumiyyətlərə məruz qalsaq da, milli- mənəvi dəyərlərimizi, adət-ənənələrimizi unutmayıb, onu qoruyub saxlaya bilmişik. İnanıram ki, gələcək nəsillərimiz də var olan dəyərlərimizi şərəf və ləyaqətlə yaşadacaqlar. Ramazan ayında oruc tutan hər kəs yenidən mənəvi olaraq Uca Tanrıya yaxınlaşır, onu yenidən dərk etməyə çalışaraq daha da saflaşır və təmizlənir. Eyni zamanda oruc tutan hər bir kəs daha da dözümlü, mətin və əzmkar olur. Xüsusi olaraq qeyd etməliyik ki, bu mətin və əzmkarlıqla 44 günlük Vətən müharibəsində, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə haqq işi uğrunda mübarizədə qazandığımız şanlı Zəfərlə azad edilmiş dədə-baba yurdlarımızda həyat yenidən dirçəldilir, tarixi-mədəni irsimiz, ibadət yerlərimiz bərpa olunur, məscidlərimizdən azan sədaları yüksəlir. Bu gün vətən üçün canını fəda etmiş bütün şəhid qardaşlarımızı da dərin ehtiramla anır, Uca Tanrıdan rəhmət diləyirəm!
Dəyərli dostlar, əziz həmvətənlər! Sizi bir daha müqəddəs Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, dua və niyyətlərinizin Uca Tanrı dərgahında qəbul olunacağına, eyni zamanda bu bayramın xeyirxahlığın, mərhəmət duyğularının təntənəsinə çevrilərək cəmiyyətimizdə birlik və həmrəyliyin daha da gücləndirəcəyinə inanıram.
Tanrı orucunuzu qəbul etsin! Amin!
Sadiq Qurbanov,
Milli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri


Şərhlər
propaganda...
Bu məscidlərdən yüksələn əzan səsi Azərbaycanın əzilmiş xalqına çatırmı?Məscid Sizin düşüncənizlə bütün məsələlərn həllidir?Yeni salınmış,hələ yaşam olmayan "kəndlərə" kənd demək olarmı?Orada kənd əhalisinin yaşamı üçün hansı imkan
(heyvandarlıq,əkinçilik,quşçuluq üçün həyət yanı sahə ) yaradılıb?Axı kənd əhalisinin öz yaşam qaydaları var.Budkalar tikib lovğalanmağın mənası nə?Hörməyli deputat bu hallara diqqət yetiribmi?Pafoslu yazıların mənası nə?