ABŞ Prezidenti Donald Tramp Rusiya ilə yanaşı Ukrayna lideri Volodimir Zelenskiyə də xəbərdarlıq edib. Onun sözlərinə görə, Zelenski Vaşinqtonla nadir torpaq minerallarına dair müqaviləni imzalamasa, böyük, böyük problemlərlə üzləşəcək.
"O, nadir torpaq mineralları sazişindən geri çəkilməyə çalışır və bunu etsə, bəzi problemləri, böyük problemləri olacaq", - Tramp jurnalistlərə bildirib.
"Nadir torpaq minerallarına dair bir saziş hazırladıq. İndi isə o deyir ki, "bilirsiniz, mən bu sazişi yenidən müzakirə etmək istəyirəm". O, NATO-nun üzvü olmaq istəyir, amma heç vaxt NATO-nun üzvü olmayacaq. O, bunu başa düşür", – Tramp əlavə edib.
Vaşinqtonun müvafiq sazişin şərtlərini bir neçə dəfə dəyişdirməsi ilə bağlı mətbuatda yayılan xəbərlər fonunda martın 28-də Ukrayna hökuməti hələ də saziş layihəsini nəzərdən keçirdiyini bildirib.
Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko hökumətin iclasında bəyan edib ki, Kiyev sazişlə bağlı mövqeyini formalaşdırır. O, bundan əvvəl sazişlə bağlı hökumət daxilində konsensus olmadan ictimai müzakirənin zərərli olacağını əlavə edib.
Ukrayna əhəmiyyətli kritik mineral yataqlarına malikdir, lakin onların dəqiq həcmi hələ dəqiq müəyyən edilməyib. Nadir torpaq elementləri müdafiə texnologiyalarında, eləcə də kompüterlər, smartfonlar və batareyalar kimi cihazlarda istifadə edildiyinə görə yüksək dəyərə malikdir.
Bu ayın əvvəlində Kiyev və Vaşinqton Ukraynanın kritik mineral resurslarının inkişafına dair əhatəli bir saziş bağlamaq barədə razılığa gəlib. Sazişin yekunlaşdırılması ilə bağlı səylər daha əvvəl, fevralın 28-də Ağ evdə Tramp və Zelenski arasında gərgin mübahisədən sonra uğursuzluğa düçar olmuşdu.
“AzPolitika.info”

Şərhlər
Dəli Tramp tək Avropasız heç kimə problem yarada bilməyəcək.