Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri və Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev cümə axşamı Vaşinqtonda ABŞ administrasiyasının nümayəndələri ilə görüşüb.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Dmitriev konkret olaraq kiminlə görüşdüyünü açıqlamayıb.
Onun xüsusi elçi Stiv Vitkoffla görüşü barədə qeyri-rəsmi məlumat verilib. Lakin o, danışıqların tonundan müsbət danışıb: “Biz tamamilə aydın görürük ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Co Baydendən fərqli olaraq Rusiyaya çox hörmətlə yanaşmaqda qərarlıdırlar, onlar güzəştlər tapırlar, verilən ruh, yaradıcılıq budur".
"Tramp administrasiyası Rusiya ilə dialoqda konstruktivdir. Tramp administrasiyası Rusiyanın mövqeyini eşidir", - o bildirib.
Dmitriev ABŞ şirkətlərinin Rusiyanı tərk etmiş Avropa şirkətlərinin buraxdığı boşluqları tutmağa hazır olduğunu deyib.
O həmçinin iki ölkə nümayəndələrinin Arktika və nadir torpaq faydalı qazıntılar sahəsində əməkdaşlığı müzakirə etdiyini bildirib.
Dmitriev, Covid-19 pandemiyasının əvvəlində kəsilən və Rusiyanın Ukraynaya tammiqyaslı işğalının başlaması ilə bərpa olunmayan Rusiya ilə ABŞ arasında birbaşa hava nəqliyyatının bərpası mümkünlüyünü də xatırladıb.
“Ümid edirik ki, bu məsələdə irəliləyiş əldə edəcəyik”, - o əlavə edib.
"Biz münasibətlərimizdə müsbət dinamika qeydə alırıq. Bütün fikir ayrılıqlarımızı həll etmək üçün daha bir sıra görüşlərə ehtiyacımız olacaq", - Dmitriev bildirib.
Dmitriev Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan bəri ən azı açıq şəkildə Vaşinqtona səfər edən ilk yüksək rütbəli rusiyalı məmurdur. Dmitriyevə viza vermək üçün Amerika sanksiyaları müvəqqəti olaraq götürülüb. Dövlət Departamentinin rəsmiləri məxfilik səbəbindən viza məsələləri ilə bağlı şərh vermədiklərini bildiriblər.
Fevralın 18-də Dmitriyev Rusiya nümayəndə heyətinin tərkibində Ər-Riyadda Amerika nümayəndə heyəti ilə danışıqlarda iştirak edib. O, Moskvanın Vaşinqtona investisiya və iqtisadi sahədə əməkdaşlıq üçün bir sıra təkliflər göndərdiyini bildirib. Bununla belə, görüşdə Ukraynadakı müharibə də müzakirə olunub.
Keçmiş investisiya bankiri olan Dmitriyev Vladimir Putinin ən yaxın sirdaşlarından biri hesab olunur. Ağ Ev hələlik onun səfərini şərh etməyib.


Şərhlər