ABŞ Prezidenti Donald Trampın yaxın ətrafı ona Ukraynada tam atəşkəsə razılaşana qədər Rusiya Prezidenti Vladimir Putinə zəng etməməyi tövsiyə edir.
“AzPolitika” bildirir ki, bu barədə “NBC News” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, hazırda liderlər arasında telefon danışığı planlaşdırılmır. Lakin onlar xəbərdarlıq ediblər ki, Tramp qəfildən Putinlə danışmaq istədiyinə qərar verə bilər. ABŞ Prezidentinin özü bazar günü NBC News-a bildirib ki, bu həftə Putinlə danışmağı planlaşdırır. O, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin legitimliyini şübhə altına alandan sonra Putinə “çox qəzəbləndiyini” deyib.
Üç ABŞ rəsmisi də NBC News-a bildiriblər ki, Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev dünən Ağ Evdə respublikaçı qanunvericilərlə görüşüb.
Məlumata görə, o, senatorlar Lindsi Qrem və Markueyn Mullinlə görüşüb. Görüş Trampın təşəbbüsü ilə təşkil olunub. Mənbələr bildirir ki, Dmitriyev və senatorlar Ukraynada müharibənin dayandırılması şərtlərini və Putinin tələblərini müzakirə ediblər.
Dmitriev Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan bəri ən azı açıq şəkildə Vaşinqtona səfər edən ilk yüksək rütbəli rusiyalı məmurdur.
Telekanal xəbər verir ki, Dmitriyevə viza vermək üçün Amerika sanksiyaları müvəqqəti olaraq götürülüb. Dövlət Departamentinin rəsmiləri məxfilik səbəbindən viza məsələləri ilə bağlı şərh vermədiklərini bildiriblər.
“AzPolitika.info”


Şərhlər