Brent markalı neftin qiyməti “ekstremal” şəraitdə bir barel üçün 40 dollardan aşağı düşə bilər.

“AzPolitika” xəbər verir ki, belə bir açıqlama ilə “Goldman Sachs” çıxış edib.

“Qlobal ÜDM-in yavaşlaması və OPEC+ kəsirlərinin tamamilə aradan qaldırılması ilə daha ekstremal və daha az ehtimal olunan ssenaridə biz Brent neftinin 2026-cı ilin sonuna kimi bir barel üçün 40 dollardan bir qədər aşağı düşəcəyini proqnozlaşdırırıq”, – “Goldman Sachs”-ın analitiklər yeni hesabatda yazıblar.

“Bloomberg” isə qeyd edir ki, bu fikir bankın hazırkı əsas proqnozu ilə ziddiyyət təşkil edir. Çünki həmin proqnozda “Brent”-in gələn ilin dekabrında 55 dollara başa gələcəyi qeyd olunub.

Bu arada, aprelin 8-i səhər, neft qiymətləri üç ardıcıl eniş seansından sonra stabilləşməyə başlayıb. Londonun ICE Futures birjasında Brent markalı neftin iyun fyuçersləri 0,84 dollar (1,31%) bahalaşaraq 65,05 dollar/barelə çatıb. Bazar ertəsi Brent markalı neft 1,37 dollar (2,1%) ucuzlaşaraq 64,21 dollar/barel olub.

WTI markalı neftin may fyuçersləri Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron hərraclarda 0,87 dollar (1,43%) bahalaşaraq 61,57 dollar/barelə çatıb. Əvvəlki sessiyada qiymət bir barel üçün 1,29 dollar (2,1%) azalaraq 60,7 dollar olub.

Dünya bazarında Azərbaycanın “Azeri Light” markalı neftinin bir barelinin qiyməti 68,14 dollar/barelə bərabərdir.

Ümumilikdə neft qiymətləri son üç sessiyada dörd ilin minimumuna çatıb. Səbəb qlobal tənəzzül qorxusu və ticarət müharibəsinin kəskinləşməsi nəticəsində enerjiyə tələbatın azalmasıdır.

“AzPoliotika.info”