İsrail ABŞ-ın mövqeyinə baxmayaraq, yaxın aylarda İranın nüvə obyektlərinə zərbələr endirə bilər
“AzPolitika” xəbər verir ki, bu barədə “Reuters” diplomatik mənbələrə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya Vaşinqtonun diplomatik yola üstünlük verdiyini və hələlik belə bir əməliyyatı dəstəkləməyə hazır olmadığını bildirib.
Bununla belə, İsrail ABŞ administrasiyasına yazın sonu və yayın əvvəli üçün planlaşdırılan hava hücumları və quru əməliyyatları da daxil olmaqla bir neçə hücum ssenarisini təqdim edib. Mənbələrin bildirdiyinə görə, hazırda ABŞ-nin aktiv dəstəyini tələb etməyən daha məhdud bir plan müzakirə olunur.
İsrail daha əvvəl ABŞ-ın keçmiş prezidenti Co Baydenin komandasına da oxşar planlar təqdim etmişdi — bu planların demək olar ki, hamısı ABŞ-ın hərbi dəstəyi və ya kəşfiyyat məlumatlarının mübadiləsini nəzərdə tuturdu.
“The New York Times” yazır ki, İsrail may ayında İranın nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırırdı, lakin Trampın mövqeyinə görə bu planlardan geri çəkilib.
“The Washington Post” isə xəbər verir ki, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Maykl Vals və dövlət katibi Marko Rubio İran məsələsinin hərbi yolla həllinin tərəfdarıdırlar. Vitse-prezident J.D. Vans və Kəşfiyyat Direktoru Tulsi Qabbard isə regional müharibə riskləri barədə xəbərdarlıq edib və onların açıqlamalarında İranın nüvə silahı əldə etməsinə dair birbaşa işarə yoxdur.
“Washington Post”un məlumatına əsasən, Prezident Tramp hər iki tərəfin mövqeyini nəzərə alır. ABŞ-İran nüvə danışıqlarının birinci raundu aprelin 12-də Omanda baş tutub, ikincisi isə bu gün — aprelin 19-da Romada keçiriləcək.


Şərhlər