Menu

Azərbaycanın dostu Almaniyanın yeni XİN rəhbəri olacaq – Vadeful Berboku əvəzləyəcək

03.05.2025, 12:09
Azərbaycanın dostu Almaniyanın yeni XİN rəhbəri olacaq – Vadeful Berboku əvəzləyəcək

Almaniyada onilliklərdən sonra ilk dəfə kansler və xarici işlər naziri postları sağ mərkəzçi Xristian Birlik İttifaqının (CDU/CSU) nəzarətinə keçəcək. Alman mətbuatı yazır ki, xarici işlər naziri postuna Bundestaqda xarici siyasət üzrə tanınmış ekspert, 62 yaşlı Yohann Vadeful gətiriləcək. O, bu vəzifədə Yaşıllar Partiyasından olan Annalena Berboku əvəz edəcək. CDU/CSU və Sosial Demokrat Partiyasının (SPD) birgə hökuməti mayın 6-da and içəcək.

Yeni kansler Fridrix Mertsin yaxın müttəfiqi sayılan Vadeful 2009-cu ildən Bundestaq üzvüdür. O, CDU/CSU fraksiyasının vitse-prezidenti kimi xarici və təhlükəsizlik siyasətinə cavabdeh olub. Hüquq üzrə doktorluq dərəcəsinə sahib olan Vadeful Almaniya ordusunun ehtiyatda olan zabitidir (polkovnik-leytenant) və məcburi hərbi xidmətin bərpasını müdafiə edib. Müdafiə naziri postuna da mümkün namizəd kimi göstərilsə də, bu vəzifəyə Boris Pistorius təyin olunub.

Yohann Vadeful Cənubi Qafqaz regionunu yaxşı tanıyır, Almaniya–Cənubi Qafqaz parlament qrupuna rəhbərlik edib, Azərbaycana və regiona səfərlər edib. O, Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və Ermənistanın işğal siyasətini tənqid edib. 2023-cü ilin sentyabrında Qarabağda keçirilən lokal antiterror tədbirləri ilə bağlı belə deyib: “Paşinyan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul edib. Bu, danışıqlara əsas yaradır. Hərbi həlli rədd edirik”.

DW-yə müsahibəsində Vadeful bildirib ki, yeni hökumət Ukraynanı dəstəkləməyə davam edəcək və bu siyasət Avropa ilə koordinasiyalı şəkildə aparılacaq. Onun fikrincə, Avropa öz müdafiə qabiliyyətini artırmalı, Almaniya isə bu prosesdə aparıcı rol oynamalıdır. Eyni zamanda Vaşinqtondan Avropanın səylərinə dəstək gözlənilir.

“AzPolitika.info”

Şərhlər

Bəhrami 2025-05-03 15:30:48

AzPolitin yazısından Cənab Yohann Vadeful hansı *tərəfinsə dostu* yox, (obyektiv ədalət haqqının) hüququn müdafiəçisidir!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol