PKK terror təşkilatı özünü buraxdığını açıqlayıb.

"AzPolitika" Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən həftə qurultay keçirdiyini açıqlayan PKK, bu gün həmin toplantının nəticə sənədini yayıb. Bəyanatda terror təşkilatı özünü rəsmən buraxdığını və silahlı fəaliyyəti dayandırdığını bəyan edib.

PKK-nın özünü buraxması ilə bağlı prosesin mərhələli şəkildə davam edəcəyi gözlənilir. Prezident Rəcəb Tayyib Ərdoğan və AK Partiya tərəfindən edilən açıqlamalarda, atılan müsbət addımlara qarşılıq yeni müsbət addımların gələ biləcəyi vurğulanıb.

Rəsmi Ankara, PKK-nın bütün strukturları ilə birlikdə buraxılmasını gözləyir. Bu mərhələdən sonra silahların təslimi məsələsi gündəmə gələcək. Silah təslimi ilə bağlı yol xəritəsinin dəqiqləşdirilməsi gözlənilir.

İkinci mərhələdə isə hüquqi tənzimləmələr planlaşdırılır. Türkiyədə terror aktlarına qarışmamış, dağda olan PKK üzvləri ilə bağlı hüquqi mexanizmlərin hazırlanması gözlənilir.  PKK terror təşkilatının "rəhbərliyi" üçün isə “üçüncü ölkə” modeli gündəmdədir.

Bu hadisə, Türkiyə tarixində yeni bir səhifənin başlandığı kimi qiymətləndirilir və prosesin uğurla tamamlanması üçün siyasi və ictimai birlik çağırışları edilir.

“AzPolitika.info”