Menu

Rauf Arifoğlu “Azadlıq” qəzetini məhkəməyə verməkdən imtina etdi

18.12.2014, 17:36
Rauf Arifoğlu “Azadlıq” qəzetini məhkəməyə verməkdən imtina etdi

Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin (DEVAMM) sədri, tanınmış ilahiyyatçı Hacı İlqar İbrahimoğlu “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə AXCP sədri Əli Kərimliyə barışıq çağırışı edib. O, tərəfləri öz aralarındakı söz atışmasına son qoymağa çağırıb. Modern.az saytı ayrı-ayrılıqda tərəflərə müraciət edərək Hacı İlqar İbrahimoğlunun müraciətinə münasibət öyrənib.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Modern.az-a açıqlamasında tanınmış ilahiyyatçının müraciətinə belə reaksiya verib:

“Mənə qarşı hər zaman Əli Kərimli açıq təhqirlərə, söyüşlərə yol verib. Mən isə həmin söyüşlərə cavab olaraq “qırmızı xətti” aşmamaq şərtilə cavab vermişəm. Düşünürəm ki, hörmətli ilahiyyatçımız Hacı İlqar İbrahimoğlunun etdiyi müraciətə cavab olaraq “Azadlıq” qəzetini məhkəməyə verməyəcəm. Hörmətli Hacı İlqar İbrahimoğlunun müraciətindən sonra edə biləcəyim yalnız budur. Çünki heç vaxt Əli Kərimliyə qarşı açıq söyüşə keçməmişəm. Bu savaşı da mən başlamamışam. Ona görə də Hacı İlqar mənim edə biləcəyim işlə bağlı müraciət edib. Mən də hörmətli Hacı İlqar İbrahimoğlunun müraciətini dəyərləndirəcəm. Həmçinin, Hacı İlqarın müraciətinə Əli Kərimli adekvat cavab verməlidir, ya da əksinə mənə qarşı hərəkətlərini davam etdirməlidir”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə müraciətlə bağlı dəqiq məlumatının olmadığını deyib: “Bu müraciətlə bağlı hələlik məndə dəqiq məlumat yoxdur. Ancaq onu qeyd edə bilərəm ki, yaranmış gərginliyin səbəbkarı Əli Kərimli deyil. Əli Kərimli bu prosesdə tərəf kimi heç vaxt iştirak etməyib. Bir dəfə də olsun Əli Kərimli Rauf Arifoğlu ilə bağlı hər hansı fikir bildirməyib. Sadəcə olaraq, Əli Kərimliyə qarşı “Yeni Müsavat” qəzeti hər gün təhqir dolu materiallar çap edir. Hətta iş o yerə çatıb ki, Xalq Cəbhəsi üzvləri məhkəməyə verilməklə hədələnir. Eyni zamanda, bildiyiniz kimi, “Azadlıq” qəzeti məhkəməyə verilib. Ona görə də hacı İlqar daha yaxşı olardı ki, bu məsələdə Rauf Arifoğlunun tutduğu mövqedən geri çəkilməsinə nail olsun. Çünki bütün prosesi başlayan odur, “qara piar” kampaniyasını aparan Rauf Arifoğludur. Cəbhəçilər yalnız cavab verirlər. Hacı İlqarın müraciəti bir növ ATƏT həmsədrlərinin Ermənistan və Azərbaycan tərəfini sülhə çağırışına bənzəyir. Bu konfliktdə də birtərəfli qaydada “Yeni Müsavat” qəzeti Xalq Cəbhəsi və onun sədrini hədəf seçib. Hesab edirik ki, bu təkcə onun təşəbbüsü deyil. Sadəcə olaraq, hakimiyyətin sifarişi ilə hədəf seçiblər. Hakimiyyətin leksikonu ilə Xalq Cəbhəsini və onun lideri cəbhəçilər təhqir olunur. Ona görə də Hacı İlqar ilk növbədə Rauf Arifoğluna təsir göstərməlidir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol