Menu

"QIZINI MƏTBƏXDƏ ƏMƏLİYYAT EDİBLƏR..." - Nazir deputata cavab verdi

16.05.2025, 20:26
"QIZINI MƏTBƏXDƏ ƏMƏLİYYAT EDİBLƏR..." - Nazir deputata cavab verdi

Bu gün Milli Məclisin plenar iclasında ölkədə plastik cərrahiyyə sahəsində baş verən qanunsuzluqlar və ağır nəticələr doğuran hallar müzakirə olunub. Məsələni deputat Səyyad Salahlı gündəmə gətirərək, 2024-cü ilin aprel ayında “liposaksiya” əməliyyatı zamanı həyatını itirən 40 yaşlı Səbirə Vəliyevanın faciəli ölümünü xüsusi olaraq diqqətə çatdırıb.

Deputat qeyd edib ki, vəfat edən qadının ailəsi ona müraciət edərək, məsələ ilə bağlı hüquqi addımların zəif olduğunu bildirib: “Dünənki vətəndaş qəbulunda ailə üzvləri bildirdilər ki, onların qızı Səbirə Vəliyeva qeyri-peşəkar biri – Ülviyyə İlyasova tərəfindən əməliyyat edilib və nəticədə həyatını itirib. Valideynlərin sözlərinə görə, bu qadın heç bir tibbi təhsil almamış, 9-cu sinfi bitirmiş bir şəxsdir. Hazırda isə “Qurbanova” soyadı ilə gizli şəkildə kosmetoloq və üz cərrahı kimi fəaliyyətini davam etdirir. Ölən qadının 10 yaşlı əkiz övladları anasız qalıb. Lakin bu işlə bağlı hələ də cəmiyyətə açıq və qaneedici məlumat verilməyib”.

Müzakirələrə cavab olaraq çıxış edən səhiyyə naziri Teymur Musayev bildirib ki, ölkədə plastik cərrahiyə sahəsində nəzarət gücləndirilib. Onun sözlərinə görə, aidiyyəti qurumların – Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyi – nümayəndələrinin daxil olduğu xüsusi təftiş komissiyası tərəfindən araşdırmalar aparılıb və nəticədə yalnız 42 plastik cərraha bu sahədə fəaliyyət icazəsi verilib: “Həmin siyahı ictimaiyyətə təqdim olunub. Siyahıda yer almayan digər tibb ixtisaslı şəxslər isə yalnız öz sahələrinə uyğun əməliyyatlar icra edə bilər. Bu məsələ hüquqi müstəvidə öz həllini tapıb. Mövzuya bir də qayıtmaq istəmirəm”.

Nazir həmçinin mərhum Səbirə Vəliyevanın anası Sara Qəhrəmanovanın onun qəbulunda olduğunu və məsələni şəxsən dinlədiyini vurğulayıb:

“Qadının qızını əməliyyat edən şəxs onu öz evində, mətbəxdə əməliyyat edib. Həmin şəxsin tibbi təhsili olmayıb və bunu ailə üzvləri də bilirmiş. Səhiyyə Nazirliyi yalnız peşəkar tibb işçilərinə nəzarət edə bilər. Əgər bir şəxs dələduzluq edirsə – istər tibb sahəsində, istər başqa sahədə – bu, hüquq-mühafizə orqanlarının səlahiyyətinə aiddir”.

Deputat Səyyad Salahlı çıxışında cəmiyyətin geniş narahatlığına səbəb olan bu kimi halların qarşısının alınması üçün konkret addımlar atılmasının vacibliyini vurğulayıb:“Plastik cərrahiyə sahəsində özbaşınalıq var. Kim gəldi əməliyyat edir və nəticədə insanlar həyatını itirir. Belə halların qarşısını almaq üçün nəzarət gücləndirilməlidir. İctimaiyyət dəqiq bilməlidir ki, icazəli və peşəkar həkim kimdir, saxta fəaliyyət göstərənlər kimlərdir”.

Xatırladaq ki, ötən ilin sentyabrında Yasamal Rayon Prokurorluğu Səbirə Vəliyevanın ölümü ilə bağlı məlumat yaymışdı. Bildirilirdi ki, “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasova tərəfindən icra edilən “liposaksiya” əməliyyatından sonra xəstənin vəziyyəti pisləşsə də, o, xəstəxanaya yerləşdirilməyib. Bunun əvəzinə, qadın ev şəraitində, tibbi nəzarətdən kənar vəziyyətdə saxlanılıb və nəticədə kəskin qan itirmə səbəbindən dünyasını dəyişib.

Aparılan istintaq nəticəsində Ülviyyə İlyasovaya qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) maddələri ilə yekun ittiham elan edilib. Onun barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol