Menu

Minlərlə ukraynalı qeyri-rəsmi həbsxanalarda saxlanılır – "Zorlanmalar, elektrik cərəyanı, əsirlərin izsiz yoxa çıxması..."

22.05.2025, 16:00
Minlərlə ukraynalı qeyri-rəsmi həbsxanalarda saxlanılır – "Zorlanmalar, elektrik cərəyanı, əsirlərin izsiz yoxa çıxması..."

Ukraynalı Tetyana Tipakova 2022-ci ildə Rusiya işğalına etiraz etdiyi üçün həbs olunmuşdu. İndi o, aylarla saxlanıldığı 3 metr uzunluğunda, yarım metr enində kamerada yaşadıqlarını unuda bilmir. Əllə, ayaqla, taxta çubuqla döyülmə, kitabla vurulma – bu, onun gündəlik "işgəncə proqramı" idi. "Əgər yıxılsan, başa düşürsən ki, mütləq qalxmalısan – çünki yerdə olanda səni təpikləyəcəklər. Bu isə daha da ağrılı olur", – deyə Tipakova xatırlayır.

O, Rusiyanın işğal etdiyi ərazilərdə sistemli şəkildə oğurlanaraq işgəncəyə məruz qalmış minlərlə ukraynalıdan biridir. “The Guardian”, “Azov Sea News” və “IStories” jurnalistlərinin apardığı araşdırma bu dəhşətli gerçəyi sənədləşdirib. "Amnesty International" təşkilatı da təsdiqləyir ki, bu ərazilərdə qeyri-rəsmi saxlanma məkanları – məktəblər, sənaye obyektləri, evlərin zirzəmiləri – geniş yayılıb.

Tipakova deyir ki, o nə qədər işgəncə görsə də, başqalarının taleyi daha da dəhşətli olub: "Aramızda elə qızlar vardı ki, evlərində saxlanılırdılar. Onlar analarının gözü qarşısında zorlanırdılar. Sonra anaları da onların gözü qarşısında zorlanırdı..."

Bu yalnız işgəncə deyil. Əsirlərin çoxu aylarla, hətta illərlə tam təcrid vəziyyətində saxlanılır. Ailələri onların sağ olub-olmadığından xəbərsizdir. "IStories" jurnalisti Polina Ujvak deyir ki, elektrik cərəyanı, döyülmə – bunlar hərbi əsirlər üçün adi praktikadır. "Onlardan informasiya almaq üçün döyürlər. Əgər kişi əsirdirsə, onu daha amansız şəkildə işgəncəyə məruz qoyurlar - informasiya verməyə məcbur etmək üçün, ya da sadəcə cəzalandırmaq üçün", – deyə Ujvak bildirir.

Xerson rayon şurasının müşaviri Roman Baklajov 54 gün Rusiya qüvvələrinin əsirliyində olub. O bildirir ki, işgəncə kameraları istənilən yerdə yerləşdirilə bilər: "Məktəblərdə, zirzəmilərdə, hətta fərdi evlərdə. Bu yerlərin çoxu ictimaiyyətə məlumdur. Xüsusilə Kaxovka və Nova Kaxovkadakı polis bölmələri".

Sistemli işgəncə və məqsəd: Ukrayna kimliyini sındırmaq

Ukrayna hökumətinin məlumatına görə, on minlərlə ukraynalı itkin düşüb və onların çoxunun Rusiya qüvvələri tərəfindən saxlandığı güman edilir. “Zmina” İnsan Hüquqları Mərkəzinin nümayəndəsi Boris Petrunyok bildirir ki, artıq rusiyalı müstəntiqlərin əsas məqsədi kəşfiyyat məlumatı toplamaq deyil: "Motivasiya Ukrayna kimliyinə qarşı yönəlib. Sadəcə işğalı qəbul etməmək kifayətdir ki, sən hədəfə çevriləsən – real təhlükə yaratmağın heç önəmi yoxdur".

Hazırda Ukraynada bu tip əsirlərin azad olunması yalnız əsir mübadiləsi yolu ilə mümkündür – bu isə nadir hallarda baş verir.

Rusiya Federasiyası tərəfindən həyata keçirilən bu sistematik repressiya, beynəlxalq hüququn kobud şəkildə pozulması olmaqla yanaşı, həm də mülki əhaliyə qarşı aparılan məqsədli terror siyasətidir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol