Nurəddin İsmayıl
Dövlət başçısı İlham Əliyev ölkəmizə qarşı sərgilənən xoşagəlməz münasibətlərə, dostluq və müttəfiqlik haqqında razılaşmaların ruhuna zidd hərəkətlərə, imperiya ambisiyasından doğan təhdidedici addımlara görə 9 mayda Kreml qarşısında düzənlənən hərbi paradda iştirak etməkdən imtina etdi və düz də etdi. Sübut etdi ki, dövlətlərarası münasibətlər beynəlxalq hüququn ana prinsiplərinə uyğun olaraq qarşılıqlı hörmət əsasında qurulmalıdır. Heç bir dövlət başqa bir dövlətin suveren hüquqlarını pozacaq həddə aşağılayıcı hərəkətlərə yol verməməli, hərbi, siyasi gücündən yararlanıb başqa bir dövləti təhdid etməməlidir.
Ölkə başçısının rəğbətə layiq bu addımından sonra Azərbaycanda hər kəsi şoka salan, hər bir milli fərdimizin qüruruna toxunan olay baş verdi. Mayın 9-da İmişli rayonunda faşizm üzərində Qələbə Günü münasibəti ilə keçirilən tədbirdə SSRİ bayrağının nümayiş etdirilməsi, tədbir iştirakçılarının yaxasına Rusiyanın “Georgi lenti”nin asılması faktı cəmiyyətmizdə kəskin etirazla qarşılandı. İşğalçı bir dövlətin siyasətinin davamına xidmət edən bu hadisəyə vətəndaşlarımız, ayrı-ayrı ictimai qurumlar, siyasi partiyalar tərəfindən təpki göstərilməsi sonda tədbirin təşkilatçısı, rayon Ağsaqqallar Şurasının sədrinin tutduğu vəzifədən uzaqlaşması ilə nəticələndi.
İstər çar Rusiyası, istərsə də sovet Rusiyası dövründə millətimizə qarşı assimilyasiya siyasəti aparan, milli kimliyimizi, dilimizi, zəngin tariximizi gözardı edən bir dövlətin simvollarının keçirilən tədbirlərdə yaşadılması, yenidən dirçəldilməsinə cəhd faktı, əlbəttə, heç bir əxlaqa, mənəviyyata sığmayan bir haldır və fikrimizcə bu hadisənin təşkilatçılarının layiqli cəzasını alması üçün hüquq-mühafizə orqanlarının hərəkətə keçməsi vacibdir.
Adam nə qədər gerizəkalı, siyasi cəhətdən küt, milli ruhdan qısır olmalıdır ki, ölkədə yürüdülən cari siyasətdən xəbərdar olmasın, uzaqgörənlik o yana, dövlət başçısının hansı dövlətlə hansı səviyyədə münasibət qurmasını, hansı dövlətlə nə dərəcədə yaxınlıq etməsini əks etdirən bəyanatlarını, uyğun hərəkətlərini izləməsin. Orta statistik hər bir azərbaycanlının İkinci Qarabağ müharibəsindən sonra Rusiyanın rəsmi dairələrinin ölkəmizə qarşı münasibətinin mənfi istiqamətə doğru dəyişildiyini bildiyi halda, mühüm vəzifələr daşıyan, təmsil olunduğu rayon ərazisi və ondan kənarda maliyyə fırıldaqları ilə iqtisadi güc əldə edən ahıl birisinin dövlətin yeritdiyi siyasi xəttdən xəbərdar olmaması o qədər də inandırıcı görünmür. Demək, adam, 5-ci kolonun aktivisti və qarşı dövlət tərəfindən üzərinə missiya qoyulmuş təsir agentidir. Yoxsa tayfa-tüləsinə ağsaqqallıq etməkdən uzaq birisində bu cəsarət hardandır ki, günün günortası durub Azərbaycanın milli maraqlarını ayaqlar altına atan hərəkətlərə yol versin, vətənin hər guşəsində qanlı izini buraxan bir imperiyanın buyruq qulu olsun? 200 illik zaman kəsimində Azərbaycanı öz müstəmləkəsinə çevirən, dünən olduğu kimi bu gün də millətimizə həqarətlə yanaşan Rusiyanı sevindirən bu hadisənin arxasında duran qüvvələri aşkarlamaq, xüsusilə bu işin Azərbaycanda fəaliyyəti dondurulan “Rus evi” ilə bağlı olub-olmamasını aydınlaşdırmaq hüquq-mühafizə orqanları üçün heç də çətin olmayacaq.
Uzun müddət İranın Azərbaycanda məzhəbçilik faktoruna söykənən casus şəbəkələrinin ifşa olunub neytrallaşdırıldığı kimi, Rusiyanın da əlinə işləyən, onun maşası rolunda çıxış edən casusların, agentlərin açıq ya gizli fəaliyyətinin qarşısı peşəkar təhlükəsizlik xidməti əməkdaşları tərəfindən alınacaq. Lakin görünən odur ki, cəmiyyətimizdə kok salan bu manqurd təfəkkürün aradan qaldırılması üçün inzibati tədbirlərlə yanaşı vətəndaşlarımız arasında milli özünüdərk, dostu-düşməni ayırd etmək, yad ünsürlərdən arınma istiqamətində maarifləndirici işlər aparılmasına xüsusi ehtiyac var. Azərbaycanın büdcəsi hesabına rus məktəblərinin, bu məktəblərdə təhsil alanların sayının durmadan artmasından fəxr keçirənlər, bu məktəblərdə yetişən gənclərin günün biri Rusiyanın əlinə işləyən satqın ağsaqqal obrazında qarşımıza çıxacaqlarını unutmasınlar.
Baş verən hadisə birinci hal deyil və ciddi tədbirlər alınmazsa bu mənfur hərəkətlər hələ çox davam edəcək. Dövlətimizin varlığı üçün hər cür xarici təhdidlərin artdığı həssas bir dönəmdə bəlkə də atılacaq ən düzgün addım rus imperiyasının, eləcə də ölkəmizi təhdid edən digər yad dövlətlərin simvollarının Azərbaycanda tətbiqini qadağan edən normativ hüquqi aktlar qəbul edilməsidir.

Şərhlər
"Manqurt", nə bilim, başqa nə, deyərək, bu şəxslərin tariximizdən silinməsi, ümumiyyətlə, tariximizi yaddan çıxarmaq təklif olunur:
Азербайджанцы - Георгиевские кавалеры
Агаларов Гасан-бек
Бакиханов Джафар - Кули- ага
Бек-Софиев Борис
Визиров Алиамбар Измаилович
Гаибов Фаррух-ага – пилот - испытатель, удостоенный посмертно ордена Св. Георгия IV степени.
Гайдаров Нейматулла - бек
Каджар Фазулла - Мирза
Куткашинский Исмаил - бек
Мамедалибеков Темир - Мирза
Мехмандаров Самед-бек - генерал-лейтенант - орден Св. Георгия III степени
Нахичеванский Гусейн-хан - генерал-адъютант - орден Св. Георгия III степени
Нахичеванский Исмаил-хан
Нахичеванский Келбали-хан
Новрузов Керим-бек - орден Св. Георгия IV степени
Новрузов Теймур-бек
Усубов Ибрагим-ага
Халилбеков Исрафил-бек
Шихлинский Али-ага
Эфендиев Рашид-бек
Gəlin silək, o cümlədən Həzi Aslanovu, Mehdi Hüsenzadəni, Qafur Məmmədovu, Gəray Əsədovu .. Siyahını davam edə bilərsiniz.