ABŞ-da Prezident Donald Trampın administrasiyası ilə texnologiya maqnatı Elon Mask arasında aylardır davam edən sıx əməkdaşlıq son zamanlar kəskin qarşıdurma ilə əvəz olunub. "The Wall Street Journal" yazır ki, Ağ Ev Maskın vergi və büdcə xərcləri ilə bağlı qanun layihəsinə yönəlik sərt tənqidlərindən narazıdır. Qəzetin məlumatına görə, Trampın özü də artıq "səbrini itirmək üzrədir".

Adının açıqlanmasını istəməyən Ağ Ev rəsmisi bildirib ki, Tramp Maskın qəfil və sərt mövqeyindən "çaşqınlıq içindədir". Mask dörd ay ərzində hökumətlə sıx əməkdaşlıq etmişdi. Onun qəfil dəyişən mövqeyi həm Trampı, həm də müşavirlərini təəccübləndirib.

Xüsusilə Trampın seçkiqabağı vədlərinin icrasına yönəlmiş bu qanun layihəsi Ağ Ev üçün xüsusi əhəmiyyət daşıyır. Lakin Elon Mask layihəni sosial şəbəkələrdə “iyrənc və utancverici” adlandırıb və vətəndaşlara müraciət edərək konqres üzvlərinə təzyiq göstərməyə çağırıb:
“Senatorunuza, konqresmeninizə zəng edin. Amerikanı müflis etmək normal deyil!”

"The Wall Street Journal" qeyd edir ki, Maskın sərt ritorikasının səbəblərindən biri Trampın NASA rəhbəri postuna onun dəstəklədiyi namizəd – biznesmen və astronavt Cared Ayzekmanı təqdim etməkdən imtina etməsi olub. Mask Ayzekmanı yaxın müttəfiqi hesab edir və onun NASA rəhbəri olmasında maraqlı idi. Lakin Tramp bu təklifi rədd edib.

Jurnal yazır ki, bu qərardan sonra Mask öz yaxın çevrəsində Trampın seçki kampaniyasına yüz milyonlarla dollar dəstək verdiyini, lakin qarşılığında ona sadiqlik göstərilmədiyini bildirib. Məhz bu məyusluq Maskı Trampın vergi planlarını açıq şəkildə tənqid etməyə vadar edib.

Trampın tərəfdarları isə Maskın motivasiyalarına şübhə ilə yanaşır. Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, qanun layihəsində elektromobillər üçün vergi güzəştlərinin azaldılması nəzərdə tutulur ki, bu da birbaşa Maskın rəhbərlik etdiyi “Tesla” şirkətinə mənfi təsir göstərə bilər. Bu səbəbdən onun sərt tənqidlərinin arxasında şəxsi biznes maraqları olduğu iddia edilir.

Donald Tramp hələlik Maskın bu addımına birbaşa reaksiya verməyib. Lakin Ağ Evdən verilən açıqlamada bildirilib: “Prezident bağışlaya bilər, amma bu cür xəyanətləri unutmaz.”

Elon Mask isə məsələ ilə bağlı media sorğularına cavab verməyib.

Qeyd edək ki, Mask mayın sonunda Tramp administrasiyasındakı qeyri-rəsmi vəzifəsindən – Hökumət Effektivliyi Departamentinin rəhbərliyindən də ayrılıb. Bu qurum dövlət xərclərinin azaldılması ilə məşğul olurdu. Maskın burada fəaliyyəti 130 gün davam edib və artıq bu müddət başa çatıb.

Rasim Əliyev
AzPolitika.info