ABŞ Prezidenti Donald Trampın sərt miqrasiya siyasəti ölkədə yenidən ciddi gərginlik yaradıb. Son günlər Kaliforniyanın Los-Anceles şəhərində keçirilən etiraz aksiyalarına cavab olaraq Tramp administrasiyası 2 000 nəfərlik Milli Qvardiya qüvvəsini şəhərə göndərib. Bu addım federal hökumətlə ştat rəhbərliyi arasında konstitusion səlahiyyətlər uğrunda açıq qarşıdurma mərhələsinə keçidi nümayiş etdirir.

ICE reydləri və ilkin toqquşmalar

Gərginlik ABŞ İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) Los-Ancelesdə 44 nəfəri qeyri-qanuni miqrasiya şübhəsi ilə saxlamasından sonra başlayıb. Saxlanılanların sayı son günlərdə 100 nəfəri keçib. Əməliyyatlar əsasən şəhərin cənub-şərqində yerləşən Paramaunt bölgəsində aparılıb. ICE əməkdaşlarının yaşıl uniformada və qaz maskalarında küçələrdə görünməsi hadisənin miqyasını aydın şəkildə ortaya qoyur.

Etiraz aksiyalarında “ICE, çıx Los-Ancelesdən!”, “Miqrantlar da insandır” kimi şüarlarla yanaşı, Meksika bayraqları da müşahidə olunub. Aksiyalar polis zorakılığı, gözyaşardıcı qaz və rezin güllələrlə müşayiət olunub. 9News televiziya kanalının Avstraliyalı müxbiri Lauren Tomasi canlı yayım zamanı rezin güllə ilə vurulub və bu fakt beynəlxalq mediada geniş rezonans doğurub.

Trampın cavabı: ordu və maska qadağası

Tramp “Truth Social” platformasında yaydığı bəyanatlarda Kaliforniya qubernatoru Gavin Nyusomu və Los-Anceles meri Karen Bassi “şəhəri idarə edə bilməməkdə” ittiham edib.

O, yazıb: “Əgər Nyusom və Karen Bass iğtişaşlara nəzarət edə bilmirsə, federal hökumət müdaxilə edəcək və xaosu aradan qaldıracaq – elə də olmalıdır!”

Tramp daha sonra Milli Qvardiyanı “mükəmməl işi” üçün təqdir edib və aksiyalarda iştirak edənlərin üz maskası taxmasını qadağan edəcəyini bildirib. Müdafiə naziri Pit Hegset də Trampın mövqeyini dəstəkləyərək, ABŞ Dəniz Piyadalarının Kemp-Pendleton bazasında yüksək hazırlıq vəziyyətinə gətirildiyini açıqlayıb.

Kaliforniya rəhbərliyinin reaksiyası: “Bu, təxribatdır”

Kaliforniya qubernatoru Gavin Nyusom Trampın bu addımını “qəsdən təxribat xarakterli” adlandırıb. 

O, sosial şəbəkədə bildirib: “Tramp Milli Qvardiyanı polisin çatışmazlığına görə deyil, səhnə yaratmaq üçün göndərir. Sakit olun. Heç bir zorakılıq olmamalıdır. Yalnız dinc etiraz hüququmuz var.”

Nyusom eyni zamanda Müdafiə Nazirliyinin ABŞ ordusunu şəhər küçələrinə çıxarmaq niyyətini “psixoloji pozğunluq” adlandırıb. Los-Anceles meri Karen Bass da Trampın qərarını “gərəksiz və yanğını alovlandıran” addım kimi pisləyib.

Hüquqi mübahisələr və siyasi nəticələr

Tramp administrasiyası ICE-ə gündəlik 3 000 nəfəri deportasiya etmək tapşırığı verib. Lakin bu əməliyyatlar zamanı bəzi qanuni statuslu şəxslərin də saxlanıldığı iddia edilir. Artıq bu məsələ ilə bağlı məhkəmə araşdırmaları başlanıb. Bu, Trampın sərt miqrasiya siyasətinin yalnız sosial deyil, hüquqi və siyasi müstəvidə də ciddi gərginlik doğurduğunu göstərir.

Müşahidəçilərin fikrincə, bu qarşıdurma yalnız Trampın avtoritar idarəçilik yanaşmasını deyil, eyni zamanda ABŞ-da federal və ştat səlahiyyətləri arasında konstitusion balansın pozulmaq üzrə olduğunu göstərir.

Los-Ancelesdə yaşananlar ABŞ-da seçkilər ərəfəsində miqrasiya məsələsinin əsas siyasi mövzuya çevriləcəyini nümayiş etdirir.

Rasim Əliyev
AzPolitika.info