Rusiya 11 iyun gecəsi Xarkov şəhərinə növbəti hava hücumu həyata keçirib.
Bu barədə Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti (DSNS) məlumat yayıb.
Məumata görə, hücum nəticəsində 2 nəfər həlak olub, yaralananların sayı isə 60-a çatıb. Yaralılar arasında azı 9 uşaq da var.
Xarkov meri İqor Terexov bildirib ki, hücum gecə saat 00:31-dən 00:40-a qədər davam edib. Rusiya ordusu İran istehsalı olan “Shahed” tipli 17 kamikadze dronla şəhərin Slobodskoy və Osnovyanskiy rayonlarını hədəfə alıb.
Birbaşa zərbələr çoxmərtəbəli yaşayış binalarına, fərdi evlərə, uşaq meydançalarına, mülki müəssisələrə və ictimai nəqliyyat vasitələrinə dəyib. Nəticədə mənzillər yanıb, dam örtükləri dağılıb, avtomobillər külə dönüb, pəncərələr qırılıb.
DSNS-in məlumatına görə, xəsarət alan uşaqlardan üçü xəstəxanaya yerləşdirilib, digərlərinə yerində tibbi yardım göstərilib. Hücum nəticəsində çoxsaylı binalar, kommunal və istehsalat obyektləri, troleybuslar və elektrik xətti də ziyan görüb.
Hazırda hadisə yerində xilasedicilər, polis, tibb işçiləri və kommunal xidmətlər işləyir. Əhalinin təxliyəsi, yanğınların söndürülməsi və infrastrukturun bərpası istiqamətində işlər davam edir.
"AzPolitika.info"

Şərhlər